Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib


Digərləri 04 İyn 2020 19:29:00 143 0

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib

İyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, komitənin sədri Əhliman Əmiraslanov əvvəlcə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, bu sahədə həyata keçirilən tədbirlər barədə danışıb. Bu sahədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) fəaliyyətini yüksək qiymətləndirən komitə sədri ölkə vətəndaşları tərəfindən karantin rejiminin yumşaldılmasından sui-istifadənin yolverilməz olduğunu vurğulayıb.

Sonra iclasda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Əhliman Əmiraslanov sənədi ətraflı şərh edib. Qeyd olunub ki, qanun layihəsi ölkə Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, Azərbaycanda insan orqan və toxumalarının donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək. 5 fəsil, 35 maddədən ibarət sənəddə qanunun tətbiq dairəsi, donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin uçotu, donorluq işinin koordinasiyası, donor orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı ehtiva olunub.

Komitə üzvləri Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, dəvət olunmuş mütəxəssislər qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, bu sahədə dünya ölkələrinin qabaqcıl təcrübəsindən danışıblar.

Gündəliyin ikinci məsələsini təqdim edən Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" qanunlara təklif olunan dəyişiklikləri diqqətə çatdırıb. Bildirib ki, bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır.