Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində iştirakı gəlirlərin artımı üçün baza formalaşdıracaq - RƏY


İqtisadiyyat 03 İyn 2020 13:09:22 147 0

Azərbaycanın “Bir kəmər, bir yol” layihəsində iştirakı gəlirlərin artımı üçün baza formalaşdıracaq - RƏY

““Bir kəmər, bir yol” layihəsi təkcə regional deyil, eyni zamanda qlobal əhəmiyyət daşıyan layihələrdən biridir

“Bir kəmər, bir yol” layihəsi təkcə regional deyil, eyni zamanda, qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Bu lahiyə həm də tarixi “İpək yolu”nun bərpası anlamına gəlir. Layihədə Cənubi Qafqaz ölkələrindən Azərbaycan və Gürcüstanın iştirakı artıq kifayət qədər vacib hesab olunur”.

Bu sözləri “Report”a açıqlamasında “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üçün əhəmiyyətindən danışan millət vəkili Vüqar Bayramlı deyib.

Deputat qeyd edib ki, Rusiya və İrana tətbiq edilən sanksiyalar kəmərin Cənubi Qafqaz üzərindən reallaşmasını aktuallaşdırıb:

““Bir kəmər, bir yol” layihəsi təqdim olunanda yolun İran və ya Türkiyədən keçəcəyi güman olunurdu. Artıq həmin kəmərin Xəzər Dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya qədər uzanması müzakirə mövzusudur. Xəzərin statusunun müəyyənləşdirilməsi, eyni zamanda Xəzəryanı ölkələrdə terminalların istifadəyə verilməsi kəmərin Xəzər dənizi və Xəzəryanı ölkələr vasitəsilə Avropaya çatdırılmasını aktuallaşdırıb. Artıq Azərbaycan da “Bir kəmər, bir yol” layihəsi çərçivəsində müzakirələrdə aktiv şəkildə iştirak edir. Xüsusən də Azərbaycanın şimal və cənub qonşularına tətbiq edilən sanksiyalar Cənubi Qafqaz vasitəsilə kəmərin reallaşmasını daha da aktuallaşdırdı. Digər tərəfdən Azərbaycanda infrasturkturun inkişaf etdirilməsi, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istifadəyə verilməsi də imkan yaradır ki, ölkəmiz aktiv şəkildə kəmərin reallaşmasına töhfə versin.

V.Bayramlı “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üçün vacib olduğunu vurğulayıb:

“Kəmərin reallaşması Azərbaycan üzərindən daşınan beynəlxalq yükdaşılmaların həcmini artıracaq. Əvvəlki illərdə qeyri-neft sektorunda Azərbaycan üzərindən daşınan məhsulların həcmində 65% artım qeydə alınmışdı. BTQ-nin də istifadəyə verilməsi Azərbaycanın regional nəqliyyat dəhlizində daha aktiv şəkildə iştirakına zəmin yaradır. Bu, bir tərəfdən Azərbaycan üzərindən daşınan yüklərin həcminin artırılmasına, digər tərəfdən Azərbaycanda istehsal edilən qeyri-neft məhsullarının Asiya və Avropa bazarına daha qısa zamanda çatdırlmasını reallaşdırmağa imkan verəcək. Nəticədə qeyri-neft sektorundakı fəaliyyət göstərən sahibkarlarımızın gəlir əldə etməsinə şərait yaranacaq. Artıq Gürcüstan, Azərbaycan və Qazaxıstan vahid tarifin tətbiq edilməsi ilə bağlı razılıq əldə ediblər. Bu da sözü gedən ölkələr ərazisindən daşınacaq yüklərin həcminin artmasına və bu istiqamətdən dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan verəcək. O baxımdan bu layihədə Azərbaycanın iştirakı ölkəmizin strateji mövqeyinin daha da gücləndirilməsinə gətirib çıxarmaqla dövlət gəlirlərimizin artırlması üçün bir baza formalaşdıracaq”.