Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olunub


İqtisadiyyat 03 İyn 2020 10:30:01 158 0

Kirayə mənzillərin siyahısına daha bir yaşayış kompleksi əlavə olunub

Hazırda kirayə mexanizmi üzrə mənzil fondunda 541 mənzil var

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir. Koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin davam etməsinə baxmayaraq, ötən müddət ərzində Fondun razılıq barədə qərarını əldə edən 233 vətəndaş artıq mənzil seçimini edib və onlardan 115-i ilə satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatıb.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bugünədək elektron sistem vasitəsi ilə kirayə mənzil əldə edilməsi üçün müraciət edənlərin sayı aşağıdakı kimidir:

EİKZS-də elektron kabinet yaradanlar 8912 Müraciət formalaşdıranlar 7378 Müraciət göndərənlər 6354 Sənəd təqdim edənlər 1139 Razılıq qərarı alanlar 1056 Razılıq verilməsindən imtina olunanlar 16 Mənzil seçimi edənlər 233 Rəsmiləşdirilmiş müqavilələr 115

Qeyd edək ki, təhvil verilən mənzillər istisna olmaqla, hazırda kirayə mexanizmi üzrə mənzil fondunda 541 mənzil var. Vətəndaşların tələbi nəzərə alınaraq may ayında Fond tərəfindən yaşayış sahələrinin siyahısı genişləndirilib və daha bir yaşayış kompleksi mənzil fonduna daxil edilib. Yeni kompleks Sumqayıt şəhəri, Bulvar küçəsi ünvanında (dənizkənarı park ərazisində) yerləşir. Qeyd olunan kompleks üzrə 74 mənzil vətəndaşlara təklif olunur. Kompleksdə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yüksək standartlara cavab verən zəruri şərait mövcuddur.

Bir daha bildiririk ki, İKZF tərəfindən satmaq öhdəliyi ilə kirayə təklif edilən mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdən ibarətdir. Komplekslərdə yerləşən bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.