Azər Badamov: Azərbaycan qabaqlayıcı tədbirlərlə beynəlxalq səviyyədə nümunəvi ölkələr sırasına daxil olub


Siyasət 03 İyn 2020 09:34:00 178 0

Azər Badamov: Azərbaycan qabaqlayıcı tədbirlərlə beynəlxalq səviyyədə nümunəvi ölkələr sırasına daxil olub

Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi və koronavirus infeksiyasının qlobal pandemiya elan olunması ilə əlaqdar dünyada iqtisadi fəallığının azaldığı bir zamanda Azərbaycan həyata keçirdiyi qabaqlayıcı tədbirlərlə beynəlxalq səviyyədə nümunəvi ölkələrin sırasına daxil olub.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, Prezdent İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən xarici və daxili siyasətdəki uğurları beynəlxalq maliyyə qurumları görür və ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün səy göstərirlər:

"Asiya İnkişaf Bankının (AİB) təşəbbüsü ilə Prezident İlham Əliyevlə keçirilən videogörüşdə səsləndirilən fikirlər də bir daha bunu sübut edir. AİB Azərbaycanın icra etdiyi bir çox daxili və beynəlxalq layihələrdə yaxından iştirak etmiş, o cümlədən Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsində əsas rol oynamışdır. AİB Prezident İlham Əliyevin ölkəmizdə müasir texnologiya və innovasiyaların tətbiqinə üstünlük verdiyini görür və bu proseslərin maliyyələşdirilməsində iştirak etmək niyyətindədir. Ölkəmizin AİB ilə əməkdaşlıq imkanları genişdir. Bu gün Azərbaycanın tranzit ölkə olaraq yükburaxma qabilyyətinin artırılması məqsədilə Cənub-Şimal dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, alternativ enerji vasitələrinin genişləndirilməsi, kənd təsərrüfatı təyinatlı suların düzgün bölüşdürülməsi, peşə təhsilinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq subyektlərinin stimullaşdırılması və digər layihələrin icrası müzakirə mövzusudur. Beynəlxalq maliyyə qurumları bu gün dünyanın yaşadığı böhranlı dövrdə cari ilin 4 ayında Azərbaycanın iqtisadi artımının 0,2%, qeyri-neft sənayesində artımın 16% olmasını, ehtiyacı olan ölkələrə yardım məqsədilə ÜST-ə 10 milyon dollar vəsait ayırmağımızı və 30 ölkəyə yardımlar etməyimizi yüksək dəyərləndirirərək Azərbaycanın kredit və investisiyaların yatırılması üçün optimal ölkə olduğunu görürlər.

Sonda qeyd etmək istəyirəm ki, bütün əməkdaşlıq imkanları ölkəmizin milli maraqları çərçivəsində qurulur. Azərbaycan özünün gələcək inkişafını təmin edəcək iqtisadi və sosial layihələrini beynəlxalq maliyyə qurumlarının iştirakı ilə icra etməklə hər bir böhranlı vəziyyətdən uğurla çıxmaq iqtidarındadır. Təbii ki, məqsədlərimizə nail olmağımız üçün dövlət başçımızın güclü siyasi iradəsi və gələcəyi qabaqcadan görmə bacarığı əsas rol oynayır".

Son.az