“Facebook” rəqəmsal ticarətlə məşğul olmaq üçün “Facebook Shop” xidməti yaradıb


Digərləri 03 İyn 2020 08:18:00 168 0

“Facebook” rəqəmsal ticarətlə məşğul olmaq üçün “Facebook Shop” xidməti yaradıb

"Facebook" istifadəçilərinə sosial şəbəkə üzərindən rəqəmsal ticarətlə məşğul olmaq imkanı yaradan "Facebook Shop" xidmətini təqdim edib.

Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalının meneceri Ayxan Qədəşov təqdim olunan yeni xidmətin üstünlükləri və ölkəmizdə tətbiqinə dair sualları cavablandırıb.

"Facebook" sosial şəbəkəsi daxilində məhsul satışı imkanının yaradılmasını necə qiymətləndirirsiniz?

"Facebook Shop" "Amazon"a rəqib ola bilərmi?

- Cavaba keçməzdən öncə bir neçə statistikaya nəzər yetirməyim maraqlı olardı. İlk olaraq qeyd edim ki, "Facebook" platformasının 2020-ci ilin təkcə mart ayında 2.6 milyard aktiv ziyarətçisi olub. Gün ərzində isə 1,7 milyard insan bu sosial şəbəkəni ziyarət edir. Bu ilin ilk rübündə sözügedən sosial şəbəkə 17,4 milyard ABŞ dolları dəyərində reklam gəliri əldə etdiyini açıqlayıb. "Amazona" gəldikdə isə, "Oberlo" tərəfindən təqdim olunan məlumatlara əsasən 2019-cu ilin sentyabr ayında rekord sayda, yəni 150 milyon insan "Amazon"un mobil əlavəsindən istifadə edərək onlayn ticarət edib. "Statista.com" portalının məlumatına əsasən ay ərzində "Amazon" platformasını 213 milyon insan ziyarət edir. Təqdim olunan son rəqəmlərdə şirkət 2020-ci ilin ilk rübündə 75,5 milyard ABŞ dolları dəyərində satışdan 2,5 milyard ABŞ dolları xalis gəlir əldə etdiyi göstərilir. Həmçinin, ABŞ-da yerləşən KOB-lar (kiçik və orta biznes) tərəfindən "Amazon"da dəqiqədə 4000-dən çox məhsul satıldığı məlumdur. Ümumilikdə isə, "Amazon" platformasında satılan məhsulların 67 faizi KOB-ların payına düşür. "Big commerce" tərəfindən aparılan sorğuya əsasən respondentlərin 90 faizi rəqib platformalarda da mövcud olan məhsulu məhz "Amazon"- dan almağa üstünlük verdiklərini bildiriblər.

"Facebook"-un açıqlamasına görə yeni xidmət gəlir əldə etmək deyil, pandemiya dövründə KOB-lara dəstək məqsədi ilə yaradılıb. Bu səbəbdən ilkin olaraq xidmət istifadəçiləri ödənişlər zamanı yaranan kiçik bank komissiyalarının ödənilməsindən başqa xərclərə cəlb olunmurlar. "Amazon" platformasında isə satılan hər məhsulun dəyərindən 14-20 faiz komissiya və ya sabit aylıq abunə haqqı tutulur. Bu məqamları nəzərə alıb "Facebook"un başlanğıcda müəyyən uğur əldə edəcəyini demək mümkündür. Lakin, onu da nəzərə almaq lazımdır ki, insanlar uzun illər ərzində müəyyən vərdişlərə yiyələnir. Bu vərdişlərdən biri də "Facebook"un məlumat mübadiləsi və ya hər hansısa bir mövzuda müzakirələrin aparılması üçün rəqəmsal məkan olaraq qəbul olunmasıdır. Düşünürəm ki, platformaların ziyarətçi sayı və xidmət haqqı komissiyaları arasında fərqlərin mövcud olmasına baxmayaraq, "Facebook" "Amazon"a qarşı daha ciddi üstünlüklər təklif etməsə rəqabətə davam gətirməsi elə də asan olmayacaq.

Azərbaycan şirkətləri "Facebook"un yeni imkanlarından istifadəyə nə qədər maraqlı olacaq? Ümumiyyətlə yeni xidmətin ölkə ərazisində geniş yayılması gözlənilirmi?