Mexiko metrosunun sərnişinlərindən koronavirusla mübarizə naminə susmaq xahiş olunub


Dünya 03 İyn 2020 07:41:00 131 0

Mexiko metrosunun sərnişinlərindən koronavirusla mübarizə naminə susmaq xahiş olunub

Meksika paytaxtının metropoliteni koronavirusun yayılmasının qarşısının alınması üçün sərnişinləri susmağa dəvət edib.

Son.az bildirir ki, AZƏRTAC bu barədə Mexiko metropoliteninin "Twitter" səhifəsinə istinadla xəbər verir.

"Callados prevenimos el contagio" ("Yoluxmanın qarşısını susaraq alaq") kampaniyası danışıq zamanı əmələ gələn və qapalı məkanlarda yoluxma faktoru ola biləcək damcıların azalmasına istiqamətlənib", - məlumatda belə deyilir.

Kampaniya iyunun 1-də start götürüb. Metropoliten rəhbərliyi, həmçinin sərnişinləri bütün səfər əsnasında maskalardan istifadə etməyə çağırıb.

Qeyd edək ki, martın 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 13:20-yə olan məlumatına əsasən, dünyada 6 milyon 388 mindən çox yoluxma və 377 min 881 ölüm faktı qeydə alınıb, 2 milyon 922 min 130 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.