10 pilləlik mənəvi trenajor


Digərləri 02 İyn 2020 22:55:00 183 0

10 pilləlik mənəvi trenajor

Bismilləhir-Rahmənir-Rahim!

Mübarək Ramazan ayını artıq geridə qoyduq. Allahdan istəyimiz budur ki, bizlərə bu mübarək ayda qazandığımız halı, tutumu il boyu qoruyub saxlamağı, daha da inkişaf etdirməni nəsib etsin!

Görmədən geri döndü...

Bugünkü bəhsimizdə İslamın tarixində adı keçən çox əziz, dəyərli şəxsiyyətlərdən biri - Uveys Qərani (r.ə) ilə bağlı bir neçə mənəvi tövsiyələrə toxunacağıq. Bu həmin Uveysdir (r.ə) ki, Peyğəmbəri (s) görmək üçün gəlmişdi, amma geri dönməliydi.

O, fəqət anasına söz verdiyinə görə Peyğəmbəri (s) görmədən geri döndü. Yüzlərlə kilometrlik yolu gəldi, amma Peyğəmbər (s) başqa yerdə olduğu üçün, onu görmədi. Söz vermişdi ki, tez qayıdacaq, ona görə geri döndü.

O, Peyğəmbəri (s) çox sevirdi, o Həzrətə (s) eşqi var idi. Amma söz vermişdir deyə, görmədən geri döndü.

Peyğəmbərimiz (s) gəldikdə, Uveysin gəlişini duydu. Bu dərəcədə yüksək mənəviyyata malik insan idi.

Onun mənəvi təkamüllə bağlı on pilləlik tövsiyələri var. Bu bəhsimizdə onların bir neçəsinə toxunacağıq. Uveys Qəraninin (r.ə) mənəvi təkamül, yüksəliş üçün, Zəmanə Sahibinin (ə.f) yaxşı müntəziri olmaq üçün, Allah vilayətində olmaq, Allah dostu olmaq üçün on pilləli məsləhəti var. Sanki on mərhələdən ibarət bir mənəvi trenajordur. Əgər insan onları işə salsa, hər şey qaydasında düşər.

Yeni hikmətlərlə ruhumuzu təravətləndirək

Xüsusilə mübarək Ramazan ayından sonra bu tövsiyələri öz həyatımızda yaşada bilsək, böyük nailiyyətlərə çatarıq. Həzrət Əli (ə) da bu xüsusda buyurur: "Öz canlarınıza yeni hikmətlərlə ruhiyyə verin. Çünki, onlar da bədənlər kimi yorulurlar".

Bizim varlığımızın əsası - kimimiz, mənimiz, ruhumuz, canımızdır. Cismimiz gəlib gedir, fiziki hissələrimiz sıradan çıxır. Qəlblərin həkimi ola Həzrət Əmirəlmöminin (ə) tövsiyə edir ki, canlarınızı, qəlblərinizi yeni hikmətlərlə ruhiyyələndirin, təravətləndirin. İnsanın bədəni, cismi, yorulanda insan tətil istəyir, yenilik istəyir.

Adi bir evdir, bir yaxşı evdar xanım hiss edir ki, müəyyən dəyişikliyə ehtiyac var. Hiss edirsən ki, adi bir stulların yeri dəyişir, vəziyyət düzəlir. Bir də görürsən ki, otaqda mebelin yeri yüngülvari dəyişir, yeni bir vəziyyət yaranır. Bir də görürsən ki, kişi evə bir gül dəstəsi gətirir, evə yeni bir təravət, gözəllik gəlir. İnsan da il boyunca işləyir, ilin sonunda bir qədər tətil, dəyişiklik onun bədənindəki bütün yorğunluğu aradan aparır.

Həzrət Əli (ə) qəlbimizi yeni təravətli mövzularla qidalandırmağı tövsiyə edir. Necə ki, cisim yorulur, ruhun da yorulması var. Bu mənada Uveys Qəraninin (r.ə) buyuruşları da o cəhətdən dəyərləndirilə bilər.

Uveys Qərani (r.ə) özü bu yolu qət edib, özü bu eşq yolunu gedib. Ona görə də onun bu xüsusda tövsiyə və məsləhətləri olduqca önəmlidir. Ondan soruşulanlardan və verdiyi cavablarından bu on tövsiyəni toparlayıblar. Biz bu gün onlardan beşinə diqqət edəcəyik, inşəallah.

Allahla ünsiyyətə can atma

1. Allahla ünsiyyət. Allahla ünsiyyətlə bağlı Uveys Qərani (r.ə) buyurur: "Təəccüb edirəm o insana k, Allahı tanıyır, amma Allahla olmadan qəflət edir".

Bu, o insandır ki, Allahı tanıyır, bilir ki, Allah var, bilir ki, Allah onu yarıdıb, Rəbbdir, hər an ona varlıq verir, hər an onun qəyyumudur, müşküllərini həll edəndir, bilir ki, Allah əzəlidir, əbədidir, qalan hər şey fanidir - bütün bunlara tanıması olduğu halda, Allahla ünsiyyətə qəflət edir. Uveys Qərani (r.ə) belə bir insana təəccüb edir...

Əxlaq ustadları mənəvi təkamülün birinci pilləsi kimi Uveys Qəraninin (r.ə) tövsiyəsi əsasında bunu təqdim edirlər. Deyirlər ki, Allahı tanıyan qəflətdən çıxar və Allahla ünsiyyəti olar.

Bu dünyada hər şey gəlib-gedəndir. Hər birimiz nə vaxtsa bir gün başımızı yerə qoyacağıq, bir biz olacağıq, bir də kəfənimiz olacaq. Biz və əməllərimiz Allah dərgahında dayanacağıq. Bax, onda başa düşəcəyik ki, hansı fürsətləri əldən vermişik, nələri əldə edə bilərdik, amma etməmişik.

Biz mütləq anlamalıyıq ki, Allahı tanıyaq şəxs Allahla ünsiyyətdə olar. Bizə heç bir yerdə bu haqda öyrətməyiblər. Dünyaya gələn andan bəri ya insanın cismi məsələləri ilə məşğul olurlar, ya da cisminə faydalı olan mövzularla. Bizə başa salan olmur ki, ruhumuza nə lazımdır...

Bu gün bəşərin düşündüyü ən ciddi problemi budur ki, biz özümüzü itirmişik. Çünki, biz, bizi yaradanla ünsiyyətdən qırılmışıq, öz başlanğıcımız və sonumuzla, hər an hüzurunda olduğumuz Rəbblə təmasımız yoxdur. Hətta fərdi işlərdə belə, bu ünsiyyət qırılıb.

Deməli, mühüm birinci məsələ - Allahla ünsiyyətdir. Allahla ünsiyyət çox önəmli mövzudur. Uveys Qərani (r.ə) Allahı tanımağa iddialı olan, amma Rəbbi ilə ünsiyyəti olmayan insana təəccüb edir. Allah bizə lütf etsin ki, Onu tanıyaq və qəflətdən oyanaq, Onunla ünsiyyətimizi bərpa edək.

Quranla yaşamaq

2. Quranla oturub-durmaq. Bizim yaşayışımız Quranla olmalıdır. Uveys Qərani (r.ə) buyurur: "Heç kim ki, Quranla ünsiyyətdə oldu, bilsin ki, qalxan vaxtı onda nə isə artacaq və ya nə isə azalacaq".

Nə artacaq və nə azalacaq? Bu barədə bir az sonra.

Bizim ruhumuzun, qəlbimizin əsas qidası - Qurandır. Əgər bu günə qədər Quranla təmasımız olmayıbsa, anlayaq ki, böyük bir faciə yaşayırıq. Allahın Kitabı ilə ünsiyyətimizi əmələ gətirə bilməmişiksə, çox aciz bir durumdayıq. Quransız həyatımızın bərəkəti yoxdur.