Yenilənmiş Toyota HiLux modelinin debüt tarixi məlum olub FOTO


Digərləri 02 İyn 2020 21:30:00 155 0

Yenilənmiş Toyota HiLux modelinin debüt tarixi məlum olub  FOTO

Toyota şirkətinin il ərzində təqdim etməyi planlaşdırdığı yeni məhsullar arasında ən populyar pikaplarından birinin olacağı barədə eşitmişik. İndi isə, bu təqdimatın nə zaman baş tutacağı da məlum olub: təsdiq edilməmiş məlumatlara görə, yenilənmiş Toyota HiLux pikapı iyun ayının 4-də debüt etməlidir.

Doğrudur, bu məlumatın qeyri-rəsmi mənşəyə malikdir: Tailandın bir neçə avtomobil internet-resurslarının yaydığı tarix, onların şirkət daxilindəki qaynaqlarına əsaslanır. Lakin, belə yanaşma müəyyən məntiqə dayanır: məsələ ondadır ki, Cənub-Şərqi Asiya bazarları üçün nəzərdə tutulmuş Toyota Hilux pikapı məhz Tailandda istehsal edilir və bu ölkə tədricən karantin məhdudiyyətlərini götürməyə başlayıb.

Son.az autograph.az-a istinadən bildirir ki, yeniləmə sadəcə "feysliftdən" ibarət olmayacaq - yapon istehsalçısı daha geniş miqyaslı dəyişikliklər aparmaq niyyətindədir. Əlbəttə ki, pikapın görünüşünü yapon markanın mövcud standartlarına uyğun olaraq yeniləyəcəklər. Məsələn, Hilux modeli Toyota RAV4 krossoverinə oxşar ola bilər. Bununla birlikdə, həm mühərrik çeşidində, həm də avadanlıqlar siyahısında da dəyişikliklər gözlənilir.

Pikapın təchiz edildiyi 2,8-litrlik dizel mühərriki daha güclü və ekoloji cəhətdən daha təmiz olmalıdır. Bundan əlavə, pikapın təchizatına Android Auto tətbiqini dəstəkləyən multimedia sisteminin daha müasir versiyası və Toyota Safety Sense təhlkəsizlik kompleksi standartlarına uyğun olan sürücü köməkçiləri dəsti də daxil ediləcəkdir.

Dolaşan şayiələrə görə, gələn il HiLux ailəsinə "bərkgedən" GR Hilux pikapı qoşula bilər. Toyota GR HiLux modelinin 270 at qüvvəsinə malik olan ən yeni 3,0-litrlik altısilindrli dizel aqreqatını alacağı söylənilir. Bu mühərrik Toyota Land Cruiser ofrouderinin növbəti nəsli üçün hazırlanıbdır və buna görə də, "bərkgedən" HiLux modelinin debütü bir qədər gecikəcəkdir. Böyük ehtimalla, Toyota şirkəti yeni dizelin, markanın flaqmanı olan, əfsanəvi Land Cruiser ofrouderi ilə birlikdə debüt etməsini istəyir.