“Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq FOTO


Digərləri 02 İyn 2020 17:57:00 165 0

“Koronavirusdan sonrakı həyat” adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq  FOTO

Azərbaycan Respublikasının birinci Ombudsmanı Elmira Süleymanovanın təşəbbüsü və Bakı Kitab Mərkəzinin (Baku Book Center) təşkilatçılığı ilə keçirilən "Koronavirusdan sonrakı həyat" adlı esse müsabiqəsinin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, hazırda Münsiflər Heyəti tərəfindən müsabiqənin nəticələri təhlil edilir. Aprel ayında elan edilmiş müsabiqəyə esselərin təqdim edilməsi üçün son tarix 10 may olub. Müsabiqədə yaşı 18 və 18-dən yuxarı olan şəxslər iştirak edə biliblər. Müsabiqəyə rus və Azərbaycan dillərində 82 nəfər esse təqdim edib. Müsabiqənin 6 yer üzrə müəyyən olunan qalibləri müxtəlif məbləğdə pul vəsaitləri ilə mükafatlandırılacaqlar.

Müsabiqənin təşəbbüskarı olan E.Süleymanova bildirib ki, "Evdə qal" çağırışına əməl edən insanların bəziləri üçün evdə qaldıqları müddət darıxdırıcı olub, bəziləri isə bu müddətdə istirahət etmək imkanı əldə ediblər: "Karantinlə əlaqədar insanların kütləvi iştirak etdiyi tədbirlərin keçirilməsi qadağan edilib. Bunu nəzərə alaraq, belə fikirləşdim ki, "Koronavirusdan sonrakı həyat" adlı esse müsabiqəsi keçirmək olar. Hər kəs evdə qalmaqla özünün yaradıcılıq potensialından istifadə edə və maraqlı yazı yaza bilər. Bu təklifimi Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızına bildirdim. Çox təşəkkür edirəm ki, təklifim belə yüksək səviyyədə gerçəkləşdirdi".

E.Süleymanova əlavə edib ki, essedə müəllifə koronavirus pandemiyasından sonrakı həyatın bütün bəşəriyyət üçün necə olacağına dair fikirlərini, bu xəstəliyin elmi, siyasi, humanitar, sosial, iqtisadi, psixoloji və digər təsirləri barədə mülahizələrini bölüşmək təklif edilib:

"Yaradıcı insanların öz fikirlərini bölüşməyə ehtiyacları olur. Çox gözəl hal oldu ki, insanlar evdə qaldıqları vaxtdan səmərəli istifadə etdilər. Müsabiqəyə kifayət qədər çox esse təqdim edilib. Müsabiqənin mövzusu bir olsa da, yanaşmalar tamam fərqlidir. Hər müəllifin bu məsələyə öz yanaşması oldu. Kişilərin yazılarını ayrı, qadınların yazılarını ayrı təhlil etdim. Mənə belə gəlir ki, psixoloji cəhətdən qadınların düşüncəsi fərqli olur. Fikirləşirəm ki, bu müsabiqənin keçirilməsi iştirakçılar üçün çox faydalı təcrübə oldu".

Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı E.Süleymanovanın təklifini çox böyük məmnuniyyətlə qəbul etdiyini bildirib.

"Dünyanı lərzəyə gətirən koronavirus pandemiyası ilə əlaqədar hamımız sosial təcrid şəraitində yaşayırdıq. Həmin zaman vaxtımızın səmərəli keçirilməsi ilə bağlı ideyalar düşünürdük. Nəticə olaraq, uşaq və yeniyetmələr arasında rəsm və nağıl müsabiqəsi elan etdik. Daha sonra isə E.Süleymanovanın təklifini yeni müsabiqənin keçirilməsi ilə bağlı təklifini çox böyük məmnuniyyətlə qəbul edərək "Koronavirusdan sonrakı həyat" adlı esse müsabiqəsini elan etdik".

Müsabiqəyə təqdim edilən bütün esselərin çox maraqlı olduğunu vurğulayan G.Anarqızı onların arasında esse formatına uyğun olmayanların, mövzudan bir qədər kənara çıxanların da olduğunu nəzərə çatdırıb.

O qeyd edib ki, Münsiflər Heyəti bütün əsərlərlə çox diqqətlə tanış olaraq yazıları bir neçə kateqoriya - bədillik, mövzuya uyğunluq, üslub üzrə qiymətləndiriblər:

"Mənim də daxil olduğum Münsiflət Heyətinin üzvləri tanınmış ədəbiyyatçılardır. Onların arasında "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, şair-tərcüməçi Səlim Babullaoğlu, yazıçı-dramaturq İlqar Fəhmi, yazıçı-tənqidçi Tofiq Məlikli var".