Pekinin orta məktəblərində dərslər bərpa olunur


Dünya 01 İyn 2020 21:09:00 136 0

Pekinin orta məktəblərində dərslər bərpa olunur

Çində epidemioloji vəziyyətin yaxşılaşması fonunda təhsil ocaqlarında dərslərin bərpası prosesi davam edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, paytaxt Pekinin təhsil komitəsinin daha əvvəldən verdiyi qərara əsasən, iyunun 1-də orta məktəblərin 7, 8, 10 və 11-ci siniflərində dərslər bərpa olunub. Ümumilikdə mindən çox orta məktəbdə 400 mindən çox şagird dərslərə başlayıb.

Səlahiyyətli qurumun qərarına uyğun olaraq, iyunun 8-də 4 və 5-ci siniflərdə, habelə uşaq bağçalarında dərslər bərpa olunacaq. Hələlik 1, 2 və 3-cü siniflərdə dərslərin bərpası vaxtı açıqlanmayıb. Paytaxtın ümumi orta (VII-IX siniflər) məktəblərin sonuncu sinifləri üzrə dərslərə mayın 11-də, tam orta (X-XII siniflər) məktəblərin buraxılış siniflərində isə aprelin 27-də start verilib.

Təhsil Nazirliyinin qərarına əsasən, şagird və müəllimlərin epidemioloji qaydalara uyğun olaraq qoruyucu maska taxmaları, şagirdlərin əllərini xüsusi maddələrlə tez-tez dezinfeksiya etmələri, sosial məsafə saxlamaları məcburidir. Bundan başqa, gün ərzində bir neçə dəfə şagirdlərin bədən hərarəti ölçülür. Təhsil Nazirliyi bütün məktəb rəhbərlərinə sinif otaqlarının tez-tez dezinfeksiya olunmasını, müvəqqəti karantin otaqları ayrılmasını tapşırıb.