İmperiya marağı, yoxsa qardaş qayğısı?


Digərləri 01 İyn 2020 11:47:00 141 0

İmperiya marağı, yoxsa qardaş qayğısı?

Hər il 28 May günü müstəqil Azərbaycanın Respublika günü kimi böyük təntənə ilə qeyd edilir. Bu günü hər bir Azərbaycan vətəndaşının qeyd etməyə böyük mənəvi haqqı vardır. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin təbirincə desək "Müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir".

Qısa ömür yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin tarixində 28 May tarixi qədər önəmli tarixlərdən biri də 15 sentyabr - Bakının qurtuluş günü kimi qeyd edilən tarixi gündür. Əminliklə söyləyə bilərik ki, bugünkü müstəqil dövlətimizin təməli Bakının işğaldan azad olunması günündən başlayır. Qərbdən Ermənistan, şimaldan Rusiya, cənubdan İranla sərhəd olan ölkəmizə bu səmtlərdən daim təhlükəli küləklər əsib. Həmin təhlükə anlarında bütün məsələlər şərqdən - Bakıdan idarə olunub. Gəlin bir anlıq Bakını ən yaxşı halda anklav bir ərazi kimi təsəvvürümüzdə canlandıraq. Yox, canlandıra bilmədik. Çünki Bakı Azərbaycanın və türk dünyasının tacıdır. Demək ki, Bakı Azərbaycan üçün olduqca önəmlidir. Tək neftə görə deyil, elə bütün parametrlərinə görə. Bəs elə isə Gəncədən Bakıya üç ay şərəfli döyüş yolu keçərək Bakını düşmən işğalından azad edən Qafqaz-İslam Ordusu haqqında düşüncələrimiz nədən az olsun?

Bəzən səhv olaraq deyilir ki, Osmanlı dövlətinin Azərbaycan üçün imperialist maraqları vardı. Məncə, yalandır!

Türk ordusu işğal altında olan Azərbaycanı, Bakını işğaldan azad edərək tarix yazdı. Ona görə də düşünürəm ki, heç olmasa biz də bu tarixi hadisələri doğru qiymətləndirib yaza bilək.

Osmanlı dövləti hərtərəfli ənənəsi olan böyük imperiya olduğundan, Qafqazda söz sahibi olmaq onun siyasətinin tərkib hissəsi ola bilərdi. Amma gəlin hadisələrin mahiyyətinə obyektiv qiymət verək. Osmanlının dövlət marağının nə olmasından asılı olmayaraq, türk ordusu işğal altında olan Azərbaycanı, Bakını işğaldan azad edərək müstəqil Azərbaycan ordusu ilə birlikdə şərəfli tarix yazdı.

1918-ci ildə nələr baş verirdi? Bizim üçün Nuru paşa kimdir? Tək Bakı fatehi, yoxsa?

Yazdığım məqalədə əsasən bu suallara qısa da olsa cavab verməyə çalışacam.

28 MAY 1918-ci il...

Zaqafqaziya Seyminin dağılması ilə Seymin Azərbaycan türklərindən ibarət üzvləri "Azərbaycan Milli Şurası"nı yaradaraq 6 bənddən ibarət bəyanatla dünyaya Azərbaycan Cümhuriyyətinin müstəqilliyini bəyan etdilər. Lakin imperialist güclərin yeni müstəmləkələr uğrunda qanlı müharibələr apardığı bir zamanda həssas coğrafi məkanda, zəngin neft səltənətində yeni müstəqil dövlətin yaranması heç bir tərəfin marağında deyildi. Qığılcıma bənd Qafqazın ən təhlükəli və acınacaqlı durumda olan bölgəsi Azərbaycan idi.

Trabzon konfransında Brest-Litovsk müqaviləsinin qərarları rədd edildiyindən Osmanlı dövləti Batum konfransına tam gücü ilə girişdi. Konfransda türk heyətinin istəyi bu cür ifadə olunmuşdu: "İngiltərə ilə müharibə davam edəcəyi müddətcə Cənubi Qafqazdakı bütün dəmir yollarından Osmanlı dövləti maneəsiz istifadə edərək Cənubi Azərbaycana sərbəst daşınmasını təmin etmək üçün Qars-Gümrü-Eçmiədzin-Naxçıvan-Culfa dəmir yol xəttinini nəzarətə götürür".

Avropa, Asiya və Afrikadakı ərazilərini itirən Osmanlının Qafqazda güclənməsinə qarşı müxtəlif istiqamətlərdən təzyiqlər başlamışdı. Çiçerin Batum konfransı iştirakçılarına nota göndərərək, Rusiyanın qəbul ediləcək qərarları tanımayacağını bildirdi. Müttəfiq Almaniya da türklərin Qafqaza nəzarət etməsinin əleyhinə idi. Gürcüstan hökuməti isə ərazisindəki dəmir yollarına nəzarəti himayəsinə sığındığı Almaniyaya həvalə etmişdi. Əlverişli şəraitdən yararlanmaq istəyən Almaniya Bakı neftinə sahiblənmək məqsədilə bölgədə hərbi gücünü artırmağa başlamışdı. Azərbaycan torpaqlarına iddialı olan gürcü hərbi qüvvələri Tiflisdəki alman hərbi birləşmələrinin komandanı general fon Kressin köməkliyi ilə aprel ayının əvvəllərində Qırmızı körpü sərhəd məntəqəsindən Ağstafanın Poylu dəmiryol körpüsünə qədər əraziləri Gürcüstan əraziləri hesab edərək, inzibati binalarda gürcü bayraqları asmışdılar. Hadisələrin şahidi olmuş Muxtar Hacıyevin "Qazaxda anarxiya və Saniyevin komissar təyin olunması" adlı əsərindən: "Saniyevin və onun başındakı dələduz adamların müşayiəti ilə aprelin 30-da Tiflisdən gəlmiş toplu-tüfəngli gürcü hərbi hissəsi Ağstafa stansiyasını və Qazax şəhərini tutur. Məmməd Mahmudov və silahlı dəstələri Aveyə çəkilir. Qazaxda mülki idarələrdə gürcü bayrağı altında Saniyev və gürcü məmurlar əyləşirdilər...".

Bakıda isə Leninin inandığı Şaumyan əliyalın Azərbaycan türklərinə qarşı kütləvi qırğınlar həyata keçirirdi. Daşnaqlar martın 23-dən aprelin 2-dək Bakıda 25 min dinc insan öldürərək soyqrım həyata keçirmişdilər. Qırğının miqyası genişlənərək, Qubaya, Şamaxıya, Kürdəmirə qədər gedib çıxmışdı. Sözdə elan olunmuş Cümhuriyyətin düşmən qarşısında dura biləcək nizami hərbi birləşmələri yox idi. Hökumətin və xalqın tək ümid yeri qardaş Osmanlı idi.

Mövcud şəraiti dərindən anlayan, Milli Şura üzvləri xilas üçün ömrünün qürub çağlarını yaşayan qardaş Osmanlı dövlətinə üz tutdular.

Nuru paşa - gerçəklər və xatirələr

Azərbaycandakı durum hərbi yardımın tez bir zamanda göndərilməsini tələb edirdi. Fəqət göndəriləcək ordunu təşkil etmək çox çətin idi. Orduya komandanlıq üçün əsas diqqət Ərzurum cəbhəsində ermənilərə və ruslara qarşı döyüşən Kazım Qarabəkir paşaya yönəlmişdi. Lakin paşa apardığı mücadilənin hələ sona yetmədiyini önə çəkərək, Azərbaycana göndəriləcək ordunun vaxtının ertələnməsini istəmişdi. Çarəsiz halda qalan Ənvər paşa orduya komandanlıq üçün Fərrux adlı gənc zabit seçmişdi. Azərbaycandan İstanbula danışıqlar üçün getmiş Nağı bəy Şeyxzamanlı həmin zabitlə görüşmüş və müşahidələr əsasında bu gənc zabitin hər axşam "Pera Palas" otelinin salonunda içki içib rəqs etməsi ona olan ümidləri söndürmüşdü. Buna görə Azərbaycana göndəriləcək orduya sərt, tələbkar, eyş-işrətdən uzaq, qəhrəman Nuru paşanın rəhbərlik etməsini Ənvər paşadan şəxsən xahiş etmişdi. Ənvər paşa bu təklifə tərəddüd etsə də son anda razılaşmışdır. (4 iyun 1918-ci ildə Batumda Osmanlı və Azərbaycan nümayəndə heyəti arasında imzalanan müqavilə ilə bu razılaşma rəsmiləşdirildi. Belə ki, Osmanlı dövləti Azərbaycanda asayişi qorumaq üçün silahlı hərbi yardım edilməsinə dair öhdəlik götürdü).

İstanbulda hərbçi ailəsində doğulmuş, şərəfli bir zabit bioqrafiyası olan 29 yaşlı Nuru bəyə yarbaylıqdan birbaşa general-leytenant rütbəsi verilərək mart ayında Qafqaz İslam Ordusuna komandan təyin olunur və birbaşa Gəncəyə göndərilir.

...May ayında ilk olaraq yarbəy Cəmil Cahid bəyin alayı xalqın coşqun sevgisi ilə Qazağa daxil oldu. Qazax sakini, şair Abbas ağa Nazirin yazmış olduğu şeirdə bu sevinc əks olunub:

...Çəkibsən rəncü zəhmətlər, əziyyətlər, məşəqqətlər,

Bu niyyətlə ki, qövmü-türk sahibi-iqtidar olsun.

Daha göstər həmiyyət, ərşə yüksəlt türk torpağın,

Səninçün izzü şövkətü izzət, bizimçün iftixar olsun.

Edəməm şərhi-övsafi-Cəmilin etməyə cürət,

Budur ki, təbi-qasir aciz, şərmsar olsun.

Bu tazə məsnədin təbrik birlə gözlərim ümmid,

Əhali içrə asayiş, müəssis bərqərar olsun...

Qazağın şairi Abbas Qayıbzadə Nazirdən

Səmimi qəlbdən ərzi-salami bişümar olsun.

Cəmil bəy Qazaxda 1890-1899-cu ildə doğulanların ordu sıralarına cəlb edilməsi haqqında göstəriş vermişdi. Böyük ruh yüksəkliyi ilə orduya yazılaraq, Azərbaycan Cümhuriyyətinin ilk nizamlı hərbi birləşməsini təşkil edən 200 nəfərə yaxın gənc qısa müddətli təlimlərdən sonra Gəncəyə, ordan isə düşmənə qarşı savaşa göndərilmişdir.

Cümhuriyyət ordusunun əsgəri kimi şərəfli döyüş yolu keçmiş Ağqırax Məmməd oğlunun xatirələrini qeydə almış tarixçi İmrayıl Aliyevin arxivindən: "...Yuxarı sərhədlərdə ermənilərlə, aşağıda isə gürcülərlə hər gün atışma gedirdi. Yaylağa çıxmış elimizə silahlı hücumlar olurdu. Çaşqınlıq içində olan xalq may ayında Cəmil bəyin başçılığı ilə Qazağa girən türk ordusunu böyük sevinc hissi ilə qarşıladı. Qısa bir zamanda ordu toplamağa başladılar. Bizim kəndə bir çavuş və 3 əsgər gəlmişdi. 20 nəfərə yaxın gənc könüllü orduya yazıldıq. "Çoyuş Əhməd" və əsgərlər bizə 7 gün təlim keçdilər. "Çoyuş Əhməd" iri gövdəli, burmabığ bir pəhləvan idi. Üzü gülməyən, çox sərt insan idi. Təlimdə səhv nəticə göstərərkən, bizə həmin tapşırığı 10 dəfə təkrar etdirərdi. Hər bir hərbi tərifi əzbərlədərdi. Məsələn, heç yadımdan çıxmayan bir tərif: "Nişangahla arpacığın bir hizaya gətirilərək hədəfə düzgün tüşlanmasına "vurdum" deyilir". 7 gündən sonra bizi Qazaxdakı qərargaha gətirdilər. Daş Salahlı, İncə dərəsi, Şıxlıdan xeyli tanıdığım əsgər vardı. Bizi türk əsgərlərlə birgə Gəncəyə gətirərək, oradan birbaşa səngərə göndərdilər. İsti yay günlərində ağır döyüşlər gedirdi. Ərzaq çatsa da içməli su problemi yaşayırdıq. Sursat azlığından qəfil hücumlara üstünlük verilirdi. Hər gün 15-20, bəzən də 30 km irəliləyirdik. Nuru paşanı ön cəbhədə tez-tez görürdük. Ordu hücuma keçən zaman itkilər böyük olurdu. Sıra düzülüşündə gedərkən isə uca səslə ruhlu əsgər marşları oxuyaraq, qələbəmizlə qürurlanardıq. Həmin marşları oxuyarkən indi də gözlərim yaşarır:

Türküz, yaranmışıq daim iftixar,

Xilqətdən başlanan tariximiz var,

İləri, iləri, Türkün əsgəri!

Allahdan utansın dönənlər geri!