“Azərkosmos” 2019cu ili mənfəətlə başa vurub


Digərləri 31 May 2020 14:51:00 145 0

“Azərkosmos” 2019cu ili mənfəətlə başa vurub

"Azərkosmos" 2019-cu ilin yekunlarına dair maliyyə nəticələrini açıqlayıb. Maliyyə nəticələrini əks etdirən hesabata əsasən "Azərkosmos" 2019-cu ili 3,62 milyon manat xalis mənfəətlə başa vurub, şirkətin ümumi mənfəəti isə 14,04 milyona manat olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərkosmos"un açıqlamasında deyilir.

2019-cu ildə şirkətin gəlirləri 2018-ci il ilə müqayisədə 41,2% artıb, EBİTDA marjası 64%-dən 73%-ə yüksəlib. Bu artımda peyk xidmətlərinin əhatə coğrafiyasının və aparıcı beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin də rolu olmuşdur. "Azerspace-2" peykinin istifadəsinə dair beynəlxalq şirkətlərlə əməkdaşlıq sayəsində "Azərkosmos"un lizinq əməliyyatları üzrə maliyyə gəliri 2018-ci ilə nisbətdə 2,6 dəfə artaraq 12,24 milyon manata çatıb.

Qlobal "Peyk Sənayesi Assosiasiyası"nın (Satellite Industry Association) məlumatlarına əsasən, son illərdə dünya peyk sənayesində "durğunluq" müşahidə olunur, dünya peyk sənayesinin gəlirləri 3% ətrafında artıb, sırf peyk xidmətlərinin göstərilməsi üzrə gəlirlər isə nisbətən azalıb. Bununla belə, "Azərkosmos"un gəlirləri stabil olaraq artmaqda davam edir və proqnozlara əsasən gəlirlərin növbəti illərdə daha da artacağı gözlənilir. Hazırda qüvvədə olan kommersiya müqavilələri üzrə növbəti dövrlər üçün 107,1 milyon manat gəlir təmin edilmişdir.

Ümumilikdə, "Azərkosmos"un gəlirlərinin 90%-i peyk xidmətlərinin dünyanın 20-dən çox ölkəsinə ixracından formalaşıb. 2019-cu ilin nəticələrinə əsasən "Azərkosmos" dövlət və qeyri-dövlət ixracatçı subyektləri arasında xidmət sektorunda ixrac həcminə görə ən yüksək nəticə ilə birinci yerdə qərarlaşıb. Şirkətin ixrac portfelini əsasən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Malayziya kimi dünyanın aparıcı ölkələrinin qabaqcıl şirkətləri təşkil edib.