ABŞ-da iğtişaşlar zamanı bir nəfər ölüb, yaralılar var


Dünya 31 May 2020 10:57:54 184 0

ABŞ-da iğtişaşlar zamanı bir nəfər ölüb, yaralılar var

İndianapolis şəhərində baş verən iğtişaşlar zamanı atəş açılması nəticəsində bir nəfər ölüb, azı iki nəfər yaralanıb

ABŞ-ın İndianapolis şəhərində (İndiana ştatı) afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən ölməsi səbəbi ilə keçirilən etirazlar zamanı baş verən iğtişaşlarda atəş açılması nəticəsində bir nəfər ölüb, azı iki nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Indy Star” qəzeti məlumat yayıb.

İndianapolis polisinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni araşdırır, üstəlik, onlar polisin atəş açmadığından əmindirlər. Şəhər polisi hələlik zərərçəkənlərin və ölənin kimliyi barədə məlumat verməyib.

Polisin məlumatına görə, iğtişaşlar zamanı etirazçılar polis əməkdaşlarına hücum edib, inzibati binaların pəncərələrinin şüşələrini sındırıb, ardından atəş açıblar.

Xatırladaq ki, Corc Floydun ölümü ilə nəticələnən saxlanma anının videogörüntülərinin yayılması Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə onun boynunu sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb. İğtişaşlar başladıqdan sonra dörd polis əməkdaşı işdən çıxarılıb, onlardan biri isə ehtiyatsızlıqdan adam öldürməkdə ittiham edilib.