Qorxulu yoluxucu xəstəliyin əlamətləri: Sudan, işıqdan qorxmaq, yüksək hərarət...


Digərləri 30 May 2020 23:55:00 165 0

Qorxulu yoluxucu xəstəliyin əlamətləri: Sudan, işıqdan qorxmaq, yüksək hərarət...

Ən təhlükəli inefksion xəstəliklərdən biri də quduzluqdur. Əsasən heyvan dişləməsi nəticəsində inkişaf edən quduzluq şox ağır fəsadlara, ölümə səbəb ola bilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu quduzluq xəstəliyi və onun təhlükələri barədə maarifləndirici material açıqlayıb.

Son.az həmin məlumatı təqdim edir:

Quduzluq zoonoz infeksiyalardandır. Xəstəlik çox ağır əlamətlərlə xarakterizə olunur. Bütün növ istiqanlı heyvanlarda və insanlarda mərkəzi sinir sisteminin ağır pozğunluqlarına-ensefalomielitə (baş və onurğa beynin iltihabı) səbəb olur.

Bu virus mənşəli xüsusi təhlükəli xəstəliyin inkubasiya dövrü 3 həftədən 3 aya qədər davam edə bilər. İnkubasiya müddətinin uzunluğu heyvanın insanı dişləmə nahiyəsindən, yaranın ölçü və dərinliyindən, həmçinin orqanizmə düşmüş tüpürcəyin miqdarından asılıdır. Dişlənmə nahiyəsinin baş beyin sisteminə yaxın olması xəstəliyin inkubasion dövrünün qısalmasına təsir edən amillərdəndir.

Xəstəliyin gedişi 3 dövrə bölünür və hər dövrün özünə məxsus kliniki təzahürü mövcuddur. Prodromal dövrdə səsə qarşı həssaslığın artması, işıq və sudan qorxu kimi təzahürlər müşahidə olunur.

Oyanıqlıq (qızğınlıq) dövründə coşqunluq, düşüncə pozğunluğu, əzələ titrəmələri, çeynəmə və udlaq əzələlərinin iflici, bəbəklərin kiçilməsi, sidik ifrazının tezləşməsi meydana çıxa bilər.

Xəstəliyin iflic dövrü isə ağrı hissiyyatının azalması, qan dövranı və tənəffüs mərkəzinin fəaliyyətinin pozulması, bədən hərarətinin aşağı düşməsi ilə xarakterizə olunur və heyvanın tələf olması baş verir.

Xəstəliyə yoluxma əsasən dişləmə və ya zədələnmiş dəri örtüyünə infeksiyalaşmış ağız suyunun dəyməsi ilə baş verir. Belə ki, quduz it, pişik və s. heyvanlar dəridə yara və ya sıyırtı olduqda, həmçinin selikli qişaları yaladıqda virus orqanizmə düşə bilər.