“Atabank” və “Amrahbank” əmanətlərinin kompensasiyası hansı bankla ödəniləcək?


Digərləri 30 May 2020 15:25:00 131 0

“Atabank” və “Amrahbank” əmanətlərinin kompensasiyası hansı bankla ödəniləcək?

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə "Atabank" ASC və "Amrahbank" ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Atabank" ASC və "Amrahbank" ASC-də sığorta hadisəsi günü 28 aprel 2020-ci il müəyyən edilib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, "Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində "Kapitalbank" ASC seçilib.

"Atabank" ASC və "Amrahbank" ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə ödəniləcək.

Əmanətlər "Əmanətlərin tam sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kompensasiya olunacaq.

"Kapitalbank" ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması, kompensasiyaların sistemli şəkildə ödənilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi üçün qorunan əmanətlər üzrə kompensasiyalar iki mərhələdə qaytarılacaq:

1 iyun 2020-ci il tarixindən başlayaraq "Atabank" ASC və "Amrahbank" ASC-də 30 min manat ekvivaləntinədək (30 min manat daxil olmaqla) olan əmanətlər üzrə "KapitalBank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi;

1 iyul 2020-ci il tarixindən başlayaraq 30 min manat ekvivalentindən yuxarı olan əmanətlər üzrə "KapitalBank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsi.