Psixi sağlamliq və koronavirus antipandemiyasi


Digərləri 28 May 2020 19:55:00 131 0

Psixi sağlamliq və koronavirus antipandemiyasi

Koronavirus pandemiyasının sürətlə yayıldığı bir dönəmdə insanların xüsusi diqqət yetirməli olduğu məsələlərdən biri də psixogigiyena məsələsidir. Əksər hallarda çoxumuz bədən sağlamlığının gigiyenasından danışırıq, amma psixi sağlamlığın qorunması məsələsinə o qədər də əhəmiyyət vermirik. Bu meyili üzləşdiyimiz pandemiyadan qorunmaqla bağlı KİV və sosial şəbəkələrdə əhaliyə verilən tövsiyələrdə də müşahidə etmək mümkündür. Bir sözlə, tibb işçilərinin verdiyi məsləhət və məqsədəuyğun xəbərdarlıqlarının hamısı, bilavasitə bədən sağlamlığına xidmət edir. Biz isə hesab edirik ki, pandemiyanın bir təhlükəsi də onun insanlarin psixi sağlamlığına vura biləcəyi ziyanlı təsirlə bağlıdır. Bu ziyanın fəsadları bəzən insanın ömrünün sonuna qədər rahat yaşamasını əlindən alır, ona əziyyət verir. Məlumdur ki, insan sağlıq durumu onun bədən və psixikasının sağlam olmasından asılıdır. Hesab edirik ki, pandemiya zamanı sağlamlığın mühüm tərkib hissəsi olan psix sağlamlıq məsələsi arxa planda qalarsa, yarancaq problem "ağılasığmaz" ağır fəsadların meydana çıxmasına şərait yarada bilər. Psixi sağlamlıq psixogigiyenadan başlayır. Psixogigiyena - psixi sağlamlığın qorunması deməkdir. O təkcə beyinin yox, həm də hislərin sağlam və gümrah olmasıdır. Psixi sağlamlıq, həm də psixoloji dayanıqlılığı özündə ehtiva edən antipandemiyadır. Psixogigiyenanın tarixi qədim dövrlərə - Hippokrata qədər gedib çıxır. Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor (oxu: psixoloji faktor) ilk növbədə xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. Deməli, İbn Sina xarakterin müvazinətli olmasını psixogigiyenik faktor kimi qeyd etməklə onun psixi sağlamlığın əsasnı təşkil etdiyini nəzərimizə çatdırır. Psixogigiyenanın məqsədi, bilavasitə insan psixikasının ətraf mühitdən gələn müxtəlif zərərli təsirlərə qarşı müqavimət gücünü artırmaqla onun psixi sağlamlığının keşiyində durmaqdır. Psixi sağlamlığın qorunması və möhkəmləndirilməsi yolunda ilk addım, məhz psixi pozuntu və xəstəliklərin baş qaldıracağı ilə bağlı xəbərdarlığın edilməsindən başlayır. İnsanlar bilməlidirlər ki, sağlamlıq və xəstəlik haqqında müasir düşüncə davranışla sağlamlıq vəziyyəti arasındakı əlaqənin başa düşülməsindən ibarətdir. Psixi sağlamlıq təkcə psixi pozuntuların olmaması deyil. Ümumdünya Səhiyyə Təşkilatının Əsasnaməsində yazılır: "Sağlamlıq, yalnız xəstəlik və fiziki qüsurların olmaması deyil. Sağlamlıq həm də insanın fiziki, mənəvi və sosial rifah vəziyyətidir." Psixi sağlamlıq insanın elə rifah vəziyyətidir ki, o, öz qabiliyyət və bacarıqlarını həyata keçirir, gündəlik həyatında qarşılaşdığı stresi adlaya bilir, səmərəli işləyərək özünün dolanacağını təmin edir və yaşadığı cəmiyyətə fayda verir. Psixi sağlamlıq, həm də dövlətin və millətin mövcudluğunu və inkişafını təmin edən təhlükəsizlik məsələsidir. Fərdin və ya əhalinin psixi sağlamlığı sosial, psixoloji və bioloji amillərlə müəyyən edilir. Məsələn, hal-hazırda dünyanın üzləşdiyi koronovirus xəstəliyi sosial, bioloji və psixoloji təzyiq kimi əhalinin psixi sağlamlıq üçün böyük təhlükə mənbəyidir. Xəstəliklə bağlı KİV-də və sosial şəbəkələrdə əhalinin aldığı informasiya (sürətlə yayılma, ölüm riski, yaşlı adamların həssas yaş qrupuna daxil edilməsi, iş yerlərinin bağlanması, karantin rejimində yaşamaq, xəstəlikdən qorunmaq üçün insanların evlərdə qalmasının qanuniləşdirilməsi və s.) əhalinin qorunmasına xidmət edir. Amma məsələnin bu tərəfi də var ki, bu məlumatlar və yaranmış pandemiya vəziyyəti, eləcə də xəstəliklə bağlı mövcud şəraitdə yaşamaq bəzi adamlarda ciddi psixoloji narahatlıqlara yol açır. Belə problemlərlə psixi sağlamlıq vəziyyəti zəif olan adamlar daha çox üzləşirlər. Psixi sağlamlıq, psixogigiyena obyektiv və subyektiv faktorlardan asılıdır. Bəzən obyektiv və subyektiv faktorların hesabına insanlar psixi sağlamlıq məsələsində çox aciz olur və ciddi psixi pozuntulara düçar olurlar. İqtisadi, sosial, siyasi, demoqrafik və psixoloji böhranla müşayət olunan Koronovirus pandemiyası insanların psixi sağlamlığı üçün qorxu mənbəyidir. Ona görə də pandemiya ərəfəsində əhalinin psixi sağlamlığının qorunması və möhkəmləndirilməsi, bütün mütəxəsisilərin, o cümlədən psixoloqların, psixoterapevtlərin öhdəsinə düşən şərəfli peşə və müqəddəs insani borcdur. Psixi sağlamlığın möhkəmləndirilməsi ilk növbədə əhalidən psixi sağlamlıq haqqında koqnitiv səviyyədə müvafiq anlayışın olmasını, sonra isə müvafiq istiqamətdə maarifləndirici işlərin aparılmasını və nəhayət psixi sağlamlığı təmin edən sosial və psixoloji mühitin yaradılmasını tələb edir. Insanların sosial, siyasi, iqtisadi və mənəvi hüquq və azadlıqlarının, eləcə də, təhlükəsizliyini təmin edən mühitin yaradılması, cəmiyyətdə insanların bir-birinə etibar etməsi və güvənməsi də, psixi sağlamlığı təmin edir. Insanların təhlükəsizliyi qayğısına qalmadan psixi sağlamlığı qorumaq mümkün olmur. Bu mənada bütün dünyada olduğu kimi pandemiya ilə bağlı dövlətimizin gördüyü tədbirlər əhalinin həm fiziki, həm də psixi sağlamlığına xidmət edir. COVID-19 pandemiyası özü ilə iqtisadi, siyasi, sosial, təhsil böhranı ilə yanaşı insanların psixoloji vəziyyətinə də ciddi gərginlik gətirdi. Bu psixoloji gərginlik ilk növbədə psixi sağlamlığa zərər vurur. Bizi problemin hazırkı vəziyyəti ilə yanaşı, həm də perspektiv tərəfi narahat edir. Hesab edirik ki, pandemiya həyəcanı ilə bağlı insanların keçidikləri təşviş, narahatlıq təkcə indiki halda deyil, həm də pandemiyadan sonrakı müddətdə də özünü postravmatik stress şəklində biruzə verəcəkdir. Hazırki mərhələdə diqqət yetirməli olduğumuz vacib məsələlərdən biri psixoloji sağlamlığımızın gücləndirilməsi və qorunmasıdır. Narahatlıq. Əslində narahat olmaq normaldır. Narahatlıq, təhlükəli vəziyyət haqqında bizi xəbərdar edən, fiziki və psixi ehtiyatlarımızı səfərbər edən, vücudumuzu təhlükəli vəziyyətdən qorumağa və ya çıxarmağa hazırlayan daxili xəbərdarlıq sistemlərimizdən biridir. İnsan vəziyyətə nəzarəti itirməkdən qorxduğu üçün hətta ailə qur