Koronavirusla döyüşən həkimlərin dramı:


Digərləri 28 May 2020 17:04:00 157 0

Koronavirusla döyüşən həkimlərin dramı:

"Frans Pres" agentliyi koronavirus pandemiyasının onunla ön cəbhədə savaşan tibb işçilərinin psixologiyasına təsirini araşdırıb. Araşdırmada deyilir ki, İngiltərədə tibb işçisi Stiv iki ay öncə koronavirusa yoluxur, daha sonra həyat yoldaşı da xəstələnir. Onların hər ikisi sağalsa da, xəstəliyi oğlanlarına keçirməyin qorxusu ilə yaşayırlar.

"İşə qayıdandan sonra düz-əməlli yata bilmirdim, qorxurdum ki, virusu yenə evə gətirərəm, yenə xəstələnərəm", - 46 yaşlı Stiv  agentliyə danışıb.

Tam qoruyucu geyimdə olan həkimlər, tibb bacıları, orta səviyyəli tibb personalı pandemiyanın əbədi imicinə çevrilib. Agentlik tibb işçilərinin hər gün ağır xəstələr və ölümlə üzləşməsinin özüylə stress və narahatlıq da gətirdiyini yazır. Avropanın peşəkar qurumları və ekspertləri tibb işçilərinə psixoloji təsiri azaltmaq üçün dəstək istəyirlər.

"Travmadan sonrakı stress pozuntusu riski üçün gərəkən bütün inqredyentlərimiz var", - Belçikanın zehni sağlamlıq eksperti Xavier Noel deyib. O, daha çox tibb bacılarının durumunun narahatlıq yaratdığını söyləyib, axı, onlar ağır xəstələrə, ölənlərə daha yaxındırlar.

Avropada koronavirusa iki milyondan çox insan yoluxub, 175 minədək xəstə dünyasını dəyişib. Belçikada aparılan araşdırmalara görə, işini atmaq istəyən səhiyyə işçilərinin sayı həmişəkindən iki dəfə çoxdur. Bədbəxtlik hissinin səviyyəsi isə dörd dəfə artıb. Başqa bir araşdırma tibb peşəkarları arasında alkoqoldan istifadənin artdığını üzə çıxarıb.

Fransa tibb işçilərinə dəstək assosiasiyası böhranla bağlı tibb işçilərindən gündə 70-dən artıq zəng aldığını bildirir. Hər 10 zəngdən yeddisini qadınlar edir. Bəzi zənglər "intihar riskinin qaçılmazlığını" göstərir.

İspaniyada 50 mindən artıq tibb işçisinin COVID-19 testi pozitiv çıxıb. Bu, ölkə üzrə ümumi yoluxmaların 22 faizi deməkdir. Madrid Complutense Universitetinin araşdırmasına görə, tibb işçiləri arasında narahatlıq yetişib, sorğu keçirilən 1200 tibb işçisinin yarıdan çoxunda "depressiv simptomlar" üzə çıxıb. 53 faizdə isə "post-travmatik stresə uyğun" əlamətlər görünüb, tədqiqatda deyilir.