Azərbaycanda quraşdırılan elektron kassaların sayı 10%-dən çox artıb


İqtisadiyyat 27 May 2020 17:30:00 151 0

Azərbaycanda quraşdırılan elektron kassaların sayı 10%-dən çox artıb

Azərbaycanda quraşdırılan elektron kassaların sayı 10%-dən çox artıb

Azərbaycanda alış-veriş məntəqələrində quraşdırılan elektron kassa aparatlarının (e-kassa) sayı bəlli olub.

“Report”un əldə etdiyi məlumata görə, bu günə qədər ticarət, ictimai iaşə obyektlərində 14 024 e-kassa quraşdırılıb ki, bu da son 23 gündə 1 317 ədəd, yaxud 10,4% artım deməkdir.

Belə ki, bu kassalar 6 operator tərəfindən quraşdırılır. Onlar “Az Smart”, “NBA Technologies International”, “CASPOS”, “OMNITECH”, “POS.AZ” MMC-lər və "DATAPAY" QSC-dir.

Qeyd edək ki, ölkəərazisində 4 mərhələdən ibarət olmaqla e-kassaların keçidinə başlanılıb.Həmin proses "Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli qərarına əsasən həyata keçirilir.

2019-cu il oktyabrın 1-dək olan ikinci mərhələdə bu siyahıya Azərbaycanın bütün şəhər və regionları üzrə mebel satışı üzrə ixtisaslaşmış müəssisələr daxil edilib.

2020-ci il yanvarın 1-dən isə 3-cü mərhələ kimi bütün ölkə ərazisində e-kassaların tətbiqinə keçilib.

Sonuncu – IV mərhələdə isə ölkə üzrə müxtəlif tarixlərdə fərqli regionlarda e-kassalara keçid prosesinin tamamlanması nəzərdə tutulub. Belə ki, bu mərhələdə 2021-ci il aprelin 1-dək Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 2021-ci il oktyabrın 1-nə qədər Abşeron, Mingəçevir, Şəki, Şirvan, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan Sabirabad, Naftalan şəhər və rayonlarında olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi nəzərdə tutulub. Burada adı çəkilən şəhər və rayonların kənd və qəsəbələri istisnadır.

2021-ci il dekabrın 31-nə qədər kənd və qəsəbələri istisna olmaqla digər rayon mərkəzlərində olan digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək. Bu mərhələdə sonuncu tarix isə 2022-ci il dekabrın 31 müəyyən edilib. Belə ki, bu tarixə qədər Azərbaycanın bütün kənd və qəsəbələrində olan (işğal altında olan ərazilər işğaldan azad edildikdən sonra) digər pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə subyektlərin (obyektlərin) e-kassaya keçidi həyata keçiriləcək.