Zühur əsrində ədliyyə sistemi


Digərləri 26 May 2020 21:50:00 165 0

Zühur əsrində ədliyyə sistemi

Zülm, haqsızlıq və fəsadla mübarizə aparmaq üçün əxlaq və iman dayaqlarının möhkəmlənməsi ilə yanaşı, güclü, düzgün və ədalətli məhkəmə sisteminin zəruriliyi danılmazdır. Şübhəsiz, texnologiyanın geniş inkişafı ilə cəmiyyətin tam nəzarətdə saxlanılması, fəsad və zülmkarlıqla nəticələnən yersiz addımların qarşısının alınması da mümkün bir haldır. Zülm və fəsada son qoyulması və haqq sahibinin öz haqqını almasında saleh və sağlam bir hakimiyyətin belə imkanlara sahib olması da zəruridir.

Böyük xilaskarın zühur əsrində kütləvi rabitə və informasiya vasitələri ilə əxlaqi təlimlər genişlənəcək, əksər insanlar pak və sağlam həyat quracaq və ictimai ədalət həqiqi mənada bərpa olunacaqdır.

Son.az maide.az-a istinadən bildirir ki, bəşər azad yaradıldığı, əməl və rəftarlarında "cəbr"ə baş əymədiyindən, hər bir sağlam və saleh cəmiyyətdə öz azadlığından çirkin məqsədlərə çatmaq üçün sui-istifadə edənlər də olacaqdır. Odur ki, belə halların qarşısının alınması, camaatın haqqının qorunması və zülmkarın məhkumu üçün, mütləq sağlam və mütərəqqi məhkəmə sistemi təşkil olunmalıdır. Cinayətlər, ictimai fəsad və onların qarşısının alınma yolları barədə mütaliə etdikdə, aşağıdakı mətləblər aydın olur:

1. İctimai ədalətin icrası və sərvətin ədalətlə bölgüsü sayəsində bir çox ictimai fəsadlara - yoxsul təbəqələrin istismarına, hiylə, yalan, xəyanət və cinayətlərə son qoymaq olar. Hər bir cəmiyyətdə baş verən ictimai fəsadların çoxunun bu məsələdən qaynaqlanması mümkündür. Məlumdur ki, ağacın kökü qurusa, budaqları da öz-özünə quruyacaqdır.

2. Düzgün təhsil və tərbiyənin ictimai və əxlaqi pozğunluq, zülm və təcavüzlə mübarizədə təsiri olduqca böyükdür. Günümüzdə yaranan ictimai fəsadların artmasının ən mühüm amillərindən biri də kütləvi rabitə və informasiya vasitələrinin çirkin və əxlaqsız proqramlara, dünya istismarının məsləhət və mənafeyinə, zülm, fəsad və təcavüzkarlığa xidmətidir. Təəssüflər olsun ki, kütləvi informasiya vasitələrindən yayımlanan əxlaqsız və azdırıcı filmlər, verilişlər və yalan xəbərlərin sayı da günbəgün çoxalmaqdadır. Əlbəttə, bu da səbəbsiz deyil və məqsəd islahatçı təlimlər və fəal qüvvələri məhv etməkdir.

Dünyaya hakim kəsilmiş bu vəziyyət dəyişildiyi zaman qısa müddətdə ictimai fəsadlara da son qoyulacaqdır. Bu isə sülh və ədalətin bərpası, bütün kütlələrin mənafeyi naminə çalışacaq dünyamiqyaslı sağlam və saleh quruluş olmadan mümkün deyil!

3. Sağlam, ədalətli və mütərəqqi məhkəmə sistemi yaradılmalıdır ki, cinayətkarlar onun cəngindən qaça və ədalətdən yayına bilməsinlər. Bu da ictimai fəsadların azalması istiqamətində təsirli amil sayılır.

İmam Mehdinin (ə) hakimiyyəti dövrü ilə bağlı hədislər məcmusundan o Həzrətin hakimiyyəti zamanı qeyd edilən üç mühafizəkar amildən istifadə ediləcəyi anlaşılır. Necə deyərlər, bir zaman gələcək ki, qurdla qoyun bir-birinin kənarında su içəcək. Şübhəsiz, o zaman qurdların mahiyyəti dəyişməyəcək. Onların mahiyyətinin dəyişilməsinə də lüzum yoxdur. Bu ifadə dünyada ədalətin bərpası, əsrlər boyu zəli kimi yoxsul təbəqənin qanını soran zülmkar hakim dairələrlə sıx rabitə yaradan qurdsifətli insanların yolunun dəyişilməsinə aiddir.