F22 Raptor mükəmməl döyüş təyyarəsi FOTO


Digərləri 26 May 2020 19:01:00 158 0

F22 Raptor  mükəmməl döyüş təyyarəsi  FOTO

Bir çox ölkələr hərbi hava qüvvələrində mükəmməl döyüş təyyarəsinin olması arzusundadırlar. Bu ölkənin müdafiə qabiliyyətini yüksəldən və onun seçilib-sayılan dövlətlərdən biri olduğunun əsas göstəricisidir. Hazırda dünyada beşinci nəsil qırıcıların yaradılması üzrə gərgin mübarizə davam edir. Bu yarışda Fransa, Rusiya, Çin və Yaponiya kimi ölkələr də iştirak edir. Lakin, bu yarışın bir qalibi var - Amerika Birləşmiş Ştatları. Digərləri beşinci nəslin üzərində işləsələr də, amerikalılar artıq döyüş lazeri ilə təchiz ediləcək və süni intellekt tərəfindən idarə olunacaq altıncı nəsil qırıcının üzərində çalışmağa başlayıblar.

Messerschmitt Me.262

Bu gün biz, beşinci nəsilin ilk nümyəndəsi olan F-22 Raptor təyyarəsi barədə danışacağıq. Lockheed Martin korporasiyası tərəfindən istehsal edilmiş qırıcının ilk seriyaöncəsi nüsxəsi 7 sentyabr 1997-ci ildə səmaya qalxıb. 2001-ci ildə isə, onun seriya istehsalına başlanıb. F-22 Raptor - əsl XXI əsrin təyyarəsidir. Bu təyyarədə texniki tərəqqinin bütün nailiyyətləri əksini tapıb.

Bəs beşinci nəsil qırıcı nə deməkdir? Ona qarşı irəli sürülən tələblər hansılardır? Gəlin əvvəlcə nəsil məsələsinə aydınlıq gətirək.

Qanadlı nəsil

Son.az autograph.az-a istinadən bildirir ki, qırıcıların ilk nəslinə keçən əsrin 40-50-ci illərində yaradılmış maşınlar aiddir. Onlar düz qanada və səs sürətinə qədər olan sürətlərdə uçurdular. Belə maşınlara Messerschmitt Me.262, F-80 Shooting Star və MiG-3 təyyarələrini misal gətirmək olar.

İkinci nəslə 50-60-cı illər buraxılmış təyyarələr aiddir. Bu maşınlar səs sürətinə yaxın sürətə, öxşəkilli qanada, forsaj kamerası olan mühərrikə və quraşdırılmış radara malik idilər. Misal kimi F-86 Sabre, MiG-15, MiG-17, MiG-19 təyyarələrini göstərmək olar.

Üçüncü nəsil qırıcılara 60-80-ci illər arasında buraxılmış maşınlar  aid edilir.  Bu maşınlar səsdən sürətli (2 Maxa qədər) olmaqla yanaşı, daha mükəmməl mühərriklər və hava-hava raketləri ilə təchiz edilirdilər. Bu qrupa F-4 Phantom, MiG-21, MiG-23 qırıcılarını aid etmək olar.

F-4 Phantom

Qırıcıların dördüncü nəsli ötən əsrin 80-ci illərinin əvvəllərində meydana çıxıblar. Dünyanın müxtəlif ölkələrinin Hərbi Hava Qüvvələrinin arsenalında olan təyyarələrin əksəriyyəti bu nəsilə aiddir. Onlar bu günə qədər istehsal edilir və təkmilləşdirilirlər Bu nəslə MiG-29, Su-27, F-15, F-16 və digərləri aiddir. Bu təyyarələr əvvəlki nəsildən daha mükəmmək avionikası, iki konturlu təyyarə mühərriki, idarə olunan silahları ilə fərqlənirlər.

Keçən əsrin 70-ci illərinin sonlarında, dördüncü nəsil qırıcılar yenicə "qanadlandığı" bir vaxtda ABŞ və SSRİ beşinci nəsil qırıcısının yaradılması üzrə hazırlıq işlərinə başlayıblar. Bu işlər F-22 Raptor təyyarəsinin yaradılması ilə nəticələnib.

F-16 Fighting Falcon

Beşinci nəsil təyyarələrin əsas fərqlər nələrdir? Bu qrupa aid edilmək üçün qırıcıların cavab verməli olduqları meyarların siyahısı belədir:

- düşmən radarları üçün aşağı görünmə səviyyəsi;

- forsajı işə salmadan səsdən yüksək sürətlə uçmaq imkanı;

- yüksək manevr qabiliyyəti;

- çoxfunksiyalılıq;

- hədəfləri istənilən yerdə məhv etmək qabiliyyəti;

- dairəvi məlumat sistemi;

- aktiv fazalı qəfəsi (AFQ) olan radarla təchiz edilmiş mükəmməl avionika.

F-22 Raptor

Yaranma tarixi

1981-ci ildə ABŞ hərbi idarəsi yeni qırıcı təyyarənin yaradılması üçün texniki tapşırığı hazırlayıbı. Yeni maşın üzərində iş o dövrün ən son texniki nailiyyətləri nəzərə alınmaqla aparılmalı idi: hərbçilər qırıcıları mükəmməl avionika ilə təchiz etməyi, onu düşmən radarlarına görünməz hala gətirməyi və tamamilə yeni mühərrikləri quraşdırmağı tələb edirdilər.

Yeni təyyarənin qarşısında qoyulan əsas məsələ səmada üstünlük qazanmaq idi.

1986-cı ildə, ən böyük amerikan şirkətlərinin iştirak etdiyi müsabiqəyə start verilib. Finala iki qrupdan ibarət olan şirkətlər çıxmışdı: Northrop və McDonnell Douglas alyansı və Lockheed Martin, Boeing və General Dynamics üçlüyü. 1990-cı ildə hər iki qrup öz prototiplərini təqdim ediblər. Bir il sonra isə, Lockheed Martin, Boeing və General Dynamics şirkətlərinin təmsil olunduğu qrup müsabiqənin qalibi elan edilib.

F-22 Raptor

İstehsal öncəsi maşının inşa edilməsi altı il çəkib. İlk F-22 Raptor 1997-ci ildə səmaya qalxıb. 2001-ci ildə təyyarənin kütləvi istehsalına başlanıb və 2005-ci ildən təyyarə rəsmi olaraq istismara verilib. Tamamilə F-22 Raptor qırıcılıarından ibarət olan ilk eskadriliya 2006-cı ildə fəaliyyətə başlayıb.

Qeyd edək ki, bir müddət sonra ABŞ hərbi idarəsi almağı planlaşdırdığı təyyarələrin sayını azaldıb. 2006-cı ildə hərbçilər 384 təyyarə almaq istəsələr də, iki il sonra onların sayı iki dəfə azalaraq 188 ədədə enib. Əsas səbəb isə, qırıcıların baha qiyməti və ABŞ hərbçilərini iştahlarını azaltmağa məcbur edən qlobal böhranın başlaması olub.

2009-cu ildə ABŞ-ın Müdafiə naziri təyyarənin istehsalını dayandırmaq niyyətində olduğunu açıqlayıb. Sonuncu F-22 Raptor təyyarəsi 2011-ci ildə konveyer xəttini tərk edib. Elə həmin il, ABŞ Konqresi daha aşağı qiyməti olan digər beşinci nəsil qırıcısının - F-35 Lightning təyyarəsinin yaradılması proqramını aktivləşdirmək qərarına gəlib.

F-35 Lightning

F-22 Raptor bu günə qədər sınaqlardan keçmiş və HHQ tərəfindən qəbul edilmiş yeganə beşinci nəsil qırıcısıdır. Bundan əlavə, bu təyyarə aviasiyanın tarixindəki ən bahalı qırıcıdır. Bir maşının dəyəri 146 milyon dollar təşkil edir.

Bu təyyarəyə texniki xidmət göstərilməsi də olduqca baha başa gəlir. Əsas problem, təyyarəni radarlara görünməz edən örtüyün zədələrə qarşı zəif olması və xüsusi qayğı tələb etməsidir.

F-22 Raptor qırıcısı düşmən təyyarələrinə qarşı real döyüşdə iştirak etməyib. Ondan yalnız bir dəfə - 2014-cü ildə Suriyadakı İslam terrorçularına raket zərbəsi endirmək üçün isifadə edilib.