Misirin Dağlıq Qarabağda qondarma "seçkiləri" tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib


Digərləri 25 May 2020 23:15:00 155 0

Misirin Dağlıq Qarabağda qondarma "seçkiləri" tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib

Misirin aparıcı KİV-ləri - "Şbbabalnil", "Əl-Bavabnews" və "Elvathiqa" portalları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı qondarma erməni rejimi tərəfindən mayın 21-də keçirilmiş "andiçmə mərasimi" ilə bağlı "Vətənpərvər" - Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun bəyanatını yayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan icması Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkiləri" Misirin tanımamasını yüksək qiymətləndirib" sərlövhəli məqalədə Ermənistanın işğal etdiyi ərazilərdə saxta "seçkilərin" və "andiçmə mərasiminin keçirilməsinin beynəlxalq hüquq normalarına zidd olduğu vurğulanır, həmçinin soydaşlarımızın bu qanunazidd hərəkətləri tanımayan Misir dövlətinə təşəkkür etdiyi bildirilir.

Bəyanatın mətnində qeyd olunur ki, dünyada tüğyan edən koronavirus pandemiyası dövründə BMT və digər beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, Ermənistan və onun dəstəklədiyi separatçı qondarma rejim mayın 21-də Azərbaycanın Şuşa şəhərində qanunsuz "andiçmə mərasimi" keçirib. Əlavə edilib ki, bu hərəkətlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə, aparılan danışıqlar prosesində ciddi zərbədir. Misir oxucularına məlumat verilib ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, GUAM bu saxta seçkiləri tanımayıb və onu qətiyyətlə pisləyib.

Azərbaycan icmasının bəyanatında vurğulanıb ki, Misir Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi, Dağlıq Qarabağ da daxil olmaqla ölkəmizin ərazi bütövlüyünü tanıyır.