Pandemiya məhdudiyyətləri siçovulların həyatında iz qoydu


Dünya 25 May 2020 14:25:00 168 0

Pandemiya məhdudiyyətləri siçovulların həyatında iz qoydu

Pandemiya məhdudiyyətləri siçovulların da həyatında iz qoydu

Koronavirus pandemiyası üzündən ictimai iaşə yerlərinin bağlanması və ya fəaliyyətinin məhdudlaşdırılması nəinki insanların, həm də siçovulların gündəlik həyat tərzinə təsirsiz ötüşmədi.

“Report” xəbər verir ki, ABŞ Xəstəliklərin Nəzarət və Qarşısını Alma Mərkəzinin (CDC) verdiyi məlumata görə ictimai iaşə müəssisələrindən qida tullantılarının azalması həmin mənbədən qidalanan gəmiricilərin dolanışığına mənfi təsir göstərib. Bu səbəbdən də gəmiricilərin, o cümlədən siçovulların davranışında aqressivlik sezilməyə başlayıb. Belə ki, Nyu-York, Çikaqo və siçovulların məskunlaşdığı digər ərazilərdə bu heyvanlar arasında kannibalizm (bir-birini öldürüb yemək) hallarının artdığı nəzərə çarpır. Nyu-Orleansın boşalmış küçələrində siçovulların böyük sürülərlə dolaşdığı kameralara düşüb.

Yaranmış vəziyyətə görə, CDC əhaliyə yaşayış yerlərində təmizliyə fikir vermələri, mənzillərdə gəmiricilərin istifadə edəcəyi kiçik dəlikləri bağlamaları barədə müraciət edib. Fəallaşan gəmiricilərin infeksiya daşıyacağı da xüsusi vurğulanır. Həmçinin, onların sidiyi vasitəsilə xüsusilə uşaqlarda özünü göstərən allergiya və astmaya yoluxa bilər. Bununla yanaşı, siçovulların avtomobillər, o cümlədən təkər və mühərrikləri üçün də təhlükə yaratdığı bildirilir.

Gəmiricilər üzrə mütəxəssisi Bobbi Korriqan bir çox siçovulun əvvəlki qida mənbələrindən məhrum olduqları üçün yeni variantlar axtarmağa başladıqlarını, bunun üçün bəzən gündüz vaxtı belə şəhər küçələrində səkiləri boyu xeyli məsafə qət etdiklərini bildirib.