"Əmək bazarının tələblərinə uyğun dəyişmək lazımdır" Uğur hekayəsi FOTO


Digərləri 24 May 2020 20:35:00 160 0

"Əmək bazarının tələblərinə uyğun dəyişmək lazımdır"  Uğur hekayəsi  FOTO

Ramil Rəhimov: "Böyük şirkətlərə texniki biliklərlə girmək çətindir"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Böyük hədəfi "Google", "Amazon","Netflix", "Apple" kimi qlobal şirkətlərin iş təklif etdiyi kadrlardan olmaqdır. Hazırda bu istiqamətdə çalışır, yeni texnologiyaları öyrənir. Ümumiyyətlə, iş təklifinin şirkət tərəfindən gəlməsini daha məqsədəuyğun hesab edən müsahibimiz Kanadada "Jesta I.S" şirkətində Oracle database administratoru işləyən Ramil Rəhimovdur.

Qeyd edək ki, R.Rəhimov bundan öncə Azərbaycanda "Bakcell" və Dövlət Neft Fondunda, Çexiyada "Commerzbank"da çalışıb.

- Ramil bəy, bakalavr təhsiliniz iqtisadiyyatla bağlıdır. Bu gün isə İT-dəsiniz. Bu keçidlə başlayaq.

- Mən iqtisadiyyatı məktəb vaxtından seçmişdim. Çünki məktəbdə oxuduğum ən yaxşı fənn riyaziyyat olub. Buna görə, deyirdim ki, mən iqtisadiyyata gedəcəm. Ancaq belə hallar çox olur ki, tələbə universitet dövründə müvəqqəti iş kimi fərqli sahələrdə çalışır və bu zaman oxuduğu sahənin ona çox da uyğun olmadığını görür. Məndə də belə oldu. Tələbə vaxtı 4 ilə yaxın kompüter proqramları və oyunları satışı işində çalışdım. Həmin işdə İT-yə marağım yarandı və nələrisə öyrənməyə başladım.

- 4-cü kursda növbəti iş yeriniz - "Bakcell"də işləməyə başlamısınız. Bu, İT ilə bağlı iş idi?

- "Bakcell"də ilk işim "help desk" idi. Şirkət əməkdaşlarının kompüterlərində olan problemləri həll edirdim. Bu, İT sahəsində işə başlamaq üçün ən sadə peşədir. Bir müddət bu işi görəndən sonra texniki şöbəyə keçdim. Bu, necə oldu? Mən işə başlayandan bir ay sonra şirkətdə yeni texniki ofis açıldı. "Help desk" komandasının işçiləri növbə ilə həmin ofisdə işləyirdilər. Komandadan bir gün biri, sabah digəri, o biri gün başqası texniki ofisdə işləyirdi. Mənə isə yeni işçi olduğum üçün daimi şəkildə orda olmaq tapşırılmışdı. Çoxdan işləyən "help desk" əməkdaşları bir gündən bir gəlirdilər. Daim orda olduğum üçün artıq bir müddət sonra həmin şöbənin müdiriyyəti nə problem olsa, mənə üz tuturdu. Adət etdikləri, bir gündən bir gələn əməkdaşları deyil, məni axtarırdılar. Hər gün ordaydım deyə, gözə dəyirdim. Gözə girməyin nəticəsi olaraq, artıq onlar mənə daha çox üz tutmağa başladılar. Bir neçə dəfə müdiriyyətin telekommunikasiya mühəndisliyinə aid problemlərini də həll etmişdim. Bundan sonra qərara gəldilər ki, məni öz komandalarına götürsünlər. Beləliklə, texniki şöbəyə keçdim. Texniki şöbədə mən İT mühəndisi ola bilməzdim. Telekommunikasiya mühəndisi olmalıydım. Ona görə də mənə telekommunikasiyanın ən aşağı yerindən pozisiya verdilər. Çünki orda oxumaq, müəyyən qaydaları öyrənmək və s. lazım idi. Müəyyən qədər öyrəndim, məlumat topladım. Yavaş-yavaş telekommunikasiya sahəsində yuxarı vəzifələrə qalxdım. Mühəndislik tərəfdən vəzifəmi illər keçdikcə artırdılar. Telekommunikasiyada mühəndis olaraq işim məlumatlarla bağlı idi. Məlumatların toplanılması, saxlanılması, mühəndislərə düzgün formada çatdırılması və s. Belə deyək, müəyyən mühəndislik işlərini görsəm də, işimin bir hissəsi İT ilə bağlı idi. Tam olaraq telekommunikasiya mühəndisi işlərini görmürdüm.

- Məncə, bu şirkətdə çalışdığınız dönəmdə "telekommunikasiya, yoxsa İT?" deyə, seçim etməli olmusunuz. Seçiminiz bəllidir, maraqlıdır, niyə telekommunikasiya mühəndisliyində davam etmədiniz?

- Telekommunikasiya mühəndisliyində baza bilikləri önəmlidir. Heç bir təhsil almadan telekommunikasiya mühəndisi ola bilməzsən. Təbii ki hər hansı texnik ola, kabeli birləşdirə bilərsən, amma sırf peşəkar mühəndislik üçün təhsil vacibdir. Çünki yeni texnologiya gəldiyində, telekommunikasiya, rabitə oxuyan şəxslər onun haqqında oxuyan kimi necə işlədiyini başa düşürdülər və s. Rabitə təhsilim olmadığına görə bu, mənim üçün çətinlik yaradırdı. Ona görə, telekommunikasiya sahəsindən uzaqlaşdım.

İT-də isə sənin bu sahədə təhsilindən çox bacarığın önəmlidir. Təbii ki kompüter elmləri üzrə təhsil alsan, daha yaxşı olar. Ancaq təcrübə onu göstərir ki, əksər İT mütəxəssisləri digər sahələrdən gəlirlər. Ona görə İT sahəsini seçdim.

- İT təhsili almaq fikriniz var? İş prosesində buna ehtiyac hiss edirsiniz?

- Kompüterin ən bəsit dili olan sıfırlar və birlər məsələsini götürək, mən onu oxuyub başa düşürəm, amma o məsələdə özümü tam bilikli hesab etmirəm. Məsələ o xırdalıqlara çatanda əziyyət çəkirsən, əlavə nələrsə oxumaq zərurəti hiss edirsən. Amma İT təhsili alan adam bunu standart olaraq bilir. Kompüter elmləri sahəsində təhsil almağı çox istəyirəm. Ancaq bunun üçün vaxt lazımdır. Əyani olaraq universitetdə oxusam, indiki kimi işləyə bilməyəcəm. Mən yaşamaq, təhsil haqqını ödəmək, ailəni saxlamaq üçün işləməliyəm.

Lakin indi internetin imkanları genişdir və diplom almadan da istədiyin bilikləri əldə edə bilərsən. Mən işlə bağlı nəyə ehtiyac hiss etsəm, onunla bağlı videolara baxıram, kitablar tapıb oxuyuram. Massaçusets Texnologiya İnstitutunun saytında İT ilə bağlı video formatda onlayn videolar yerləşdirilib. Bu, universitet təhsili kimi keyfiyyətli və akademik cəhətdən dolğundur.

- Belə desək, hər şeyi işlədikcə öyrənirsiniz...

- Bəli, İT-nin demək olar ki, spesifikasiyası budur. Sən İT təhsili almadan da burda peşəkar mütəxəssis ola bilərsən. O qədər də dərin bilik tələbləri yoxdur. Amma yenə də müəyyən detallara girəndə iş əsnasında qarşına bilmədiyin fərqli problemlər çıxa bilər. Onları da qarşına çıxdıqca araşdırıb öyrənə bilirsən. Bu, 100 faiz 4 illik universitet təhsilinin yerini verməz, amma kompensasiya edə bilirsən. Ancaq təhsilin olmaması problem yaratmır və təhsilsiz çox yaxşı peşəkarlar var. Çətinliklər olur və onlar bunu araşdırıb öyrənərək aradan qaldırırlar.