Aysel Əlizadə: "Əsas məqsədim insan yetişdirməkdir" Örnək FOTO


Digərləri 24 May 2020 20:04:00 165 0

Aysel Əlizadə: "Əsas məqsədim insan yetişdirməkdir"  Örnək  FOTO

Aysel Əlizadə: "Kənd uşaqlarına isə kiçik jestlə, hədiyyə ilə böyük xoşbəxtliklər yaşatmaq olur"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, müəllimlik təhsili almaq asandır. Çox çalışıb universitetə qəbul olarsan, oxuyub bitirərsən. Hətta müəllimlərin işə qəbul imtahanını da çalışıb vermək olar. Ən çətin olanı uşaqların sevimli müəllimi olmaqdır. "Çünki uşaqların böyüklər kimi çıxarları olmur, nəyəsə görə sevmirlər. Onların sevgisi içdən gəlir" deyən müsahibimiz Şəmkir rayonunun Düyərli kəndinin ibtidai sinif müəllimi Aysel Əlizadədir.

- İşini həvəslə görən müəllimlərdənsiniz. Maraqlıdır, müəllimlik seçimi də həvəsdən dolayı olmuşdu?

- Universitetə hazırlaşanda, ağlımda iki ixtisas var idi: jurnalistika və ibtidai sinif müəllimliyi idi. Bu istiqamətdə çalışdım və istədiyimə nail oldum. Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai sinif müəllimliyi üzrə təhsil aldım. 2017-ci ildə Müəllimlərin İşə Qəbul imtahanında (MİQ) iştirak etdim, amma istədiyim balı yığa bilmədim. 46 bal toplamışdım, 2017-ci ildə o bal yetərli idi, ancaq hədəfim böyük idi. Ona görə həmin il müqavilə ilə işlədim. 2018-ci ildə imtahana qatıldım, 55 bal yığaraq Şəmkir rayon Düyərli kənd 2 saylı orta məktəbini seçdim.

- Niyə ibtidai sinif müəllimliyi?

- Bir növ valideynlərinin imkansızlığına görə fərqləndirilən şagirdlərin səsi olmaq istədim. Müəllim olmaq istəməyimin başqa bir səbəbi də var. Məktəbdə oxuyanda çox yaxşı müəllimlərlə yanaşı, vicdansızlarına da rast gəlmişəm. Haqsızlıqla qarşılaşanda, deyirdim ki, böyüyəndə müəllim olacam, amma sizin kimi yox. İbtidai sinif müəllimliyinə gəlincə, bu seçimi edəndə, özüm də məktəbli idim və görürdüm ki, 10-11-ci siniflərdə şagirdlər müəllimə daha az hörmət edirlər. Aşağı siniflərdə isə müəllim uşağın həyatında daha dərin iz qoya bilir.

- Yaşayış yeri Bakı olduğu halda, kənd məktəbini seçən müəllimlərdənsiniz.

- Əslən şəmkirliyəm, ancaq 5-ci sinifdə oxuyanda Bakı şəhərinə köçdük və orta təhsilimi burda aldım. Yaşayış yerim Bakı idi. Kənd məktəbində işləməyi tamamilə öz istəyimlə seçmişəm. Düşünürəm ki, kənddə dərs keçmək şəhər məktəbində işləməkdən daha üstündür. Yüksək bal yığan çox adam şəhər məktəbinə üstünlük verir. Ancaq kənddə uşaqların səmimiliyi, dərsə olan marağı, müəllimə verilən dəyər daha yüksəkdir.

- Siz 55 balla Bakı məktəblərinə də düşə bilərdiniz.

- Bəli, hətta həmin il rəfiqəm 53 balla Bakı şəhərində yerləşən məktəbdə daimi iş üçün düşdü. Sadəcə, mənim seçimim Şəmkir rayonu Düyərli kəndi oldu. Özüm ibtidai sinfi bu məktəbdə oxuduğum üçün hədəfim burda işləmək idi. İbtidai sinfə getdiyim məktəbdə müəllim kimi çalışmaq istəyirdim.

- Paytaxtda yaşayan müəllim bölgələrdə işləməyi seçəndə, ətrafındakı insanlar buna inanmırlar, çətin olacağını bildirənlər də olur.

- Ətrafımdakı insanlar işləmək üçün Bakını qoyub kəndi seçdiyimdə, inanmadılar. Ailəm də Bakıda işləməyimi istəyirdi. Bu, mənim seçimim oldu və peşman deyiləm. Ancaq bildirim ki, 10 yaşımdan Bakı şəhərində yaşadığım, orda təhsil şəhərdə aldığım üçün kəndə alışmaq bir az çətin oldu. Artıq uzun illər idi ki, şəhər mühitində yaşayırdım, ətrafım, yaxınlarım, sinif, qrup yoldaşlarım hamısı Bakıda idi. Ən çətini onlardan ayrılıb gəlmək idi. Bir növ öz mühitindən çıxıb başqa ətrafa düşürsən. Alışmaq çətin olur. Şəhərdə çox şey daha rahatdır, istədiyin kimi yaşaya bilirsən, kənddə isə müəyyən məqamları nəzərə almalı, ətrafındakı insanlara görə yaşamalısan. Bunlarda çətinliyim oldu.

- İbtidai sinfə getdiyiniz məktəbdə müəllim çalışmaq istəyi nədən qaynaqlanırdı?

- Mən oxuduğum müddətdə məktəb çox təmirsiz idi. Uçuq, dağılmış məktəbdən şəhərin yaxşı şəraitli məktəbinə getmişdim. Bu, mənə müqayisə imkanı verdi. Kənddəki sinif yoldaşlarımın oxumağa daha çox can atdıqlarını gördüm. Çətin şəraitdə nələrsə etməyə çalışırdılar. Şəhər mühitində isə uşaqlar naşükür idilər, oxumağa çox da həvəsli deyildilər. Hər bir şəraitləri olduğuna rəğmən, dərs onlara maraqlı gəlmirdi. Dərsə girməyə maraq göstərməmək, müəllimə hörmət etməmək halları ilə şəhər məktəbində daha çox rastlaşırdım. Hər iki mühiti gördüyüm üçün düşünürdüm ki, kənddə müəllimə daha çox sevgi var, müəllimi müqəddəsləşdirirlər. Şəhərdə isə adidir, hər şey sıradan, normal gəlir. Şəhər uşaqlarını heyrətləndirmək çox çətin olur. Kənd uşaqlarına isə kiçik jestlə, hədiyyə ilə böyük xoşbəxtliklər yaşatmaq olur.

- Şagird vaxtı başqa cür yanaşdığınız, müəllim olandan sonra müəllimlərinizi daha yaxşı başa məqamlar olub?