Gözdə qaşınma, sulanma, burun tutulması, asqırma: Allergiya və koronavirusu necə ayırd etmək olar?


Digərləri 23 May 2020 22:20:00 198 0

Gözdə qaşınma, sulanma, burun tutulması, asqırma: Allergiya və koronavirusu necə ayırd etmək olar?

Allergiyadan əziyyət çəkən xəstələrin əksəriyyəti kəskin respirator virus infeksiyalarına meyillidirlər. Viruslar hər zaman allergik xəstəliklərin, xüsusən də bronxial astmanın kəskinləşməsi üçün triger rolu oynayır. Ağır bronxial astma xəstələri COVID-19-un yayılması ilə əlaqədar yüksək risk qrupundadırlar. Virus xəstəlikləri və COVID-19-un inkişafı bronxial astmanın simptomlarını ağırlaşdıra və xəstələrin vəziyyətini xeyli pisləşdirə bilər.

Bu, Azərbaycan Tibb Universitetinin Kliniki Allerqologiya və immunollogiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyevanın AZƏRTAC-da yayılan "Allergiya və koronavirus infeksiyası-bir medalın iki üzü" sərlövhəli məqaləsində yer alıb:

Molekulyar diaqnostik metodların tətbiqi koronavirus infeksiyasının bronxial astmanın kəskinləşməsinə səbəb olduğunu göstərmişdir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatlarına görə, SARS-CoV-2 koronavirus infeksiyası bronxial astmanı kəskinləşdirən bir trigerdir və astmatik xəstələrdə ağır pnevmoniya törədə bilər. İnfeksiyanın qoşulması astmatik pristupların tez-tez təkrarlanmasına və xəstənin astmatik statusa düşməsinə gətirib çıxardır. Astma xəstələri xüsusilə ehtiyatlı olmalıdırlar. Ona görə ki, bu tədqiqatlar məhdudd saydadır və araşdırmalar hələ başlanğıc mərhələdədirlər.

COVID-19 fonunda bronxial astma xəstələrində simptomlar adətən dəyişir və daha ciddi olur. Nəzarət olunmayan bronxial astma xəstələri COVID-19-a yoluxduqda nəticə daha ağır ola bilər.

Bronxial astmada infeksiyanın ağır gedişli olmasının səbəbləri ağciyərlərin ventilyasiyasının azalması, tənəffüs yollarında mikrobların sayının artması, immunitetin zəifləməsi, hormonal preparatların qəbuludur. Məlumdur ki, hormonal terapiyanın əlavə təsiri tənəffüs yollarının selikli qişalarının qoruyucu xüsusiyyətlərinin azalmasına və ikinci infeksiyaya meyilliyə səbəb olur.

Eyni zamanda, ABŞ-da aparılan son tədqiqatların nəticələri göstərdi ki, bronxial astma xəstələri koronavirus infeksiyası üçün yüksək risk qrupuna daxil deyillər. Onların düşüncələrinə görə, respirator allergiya və bronxial astma olan xəstələrdə COVID-19-un ciddi və həyati təhlükəli klinik təzahürləri müşahidə edilməyə bilər. Yalnız ağır nəzarətsiz bronxial astma xəstələri istisna olunur.

Həmçinin Çin tədqiqatçılarının nəticələri də bronxial astma və digər respirator allergik xəstəliklərin ağır COVID-19-un inkişafı üçün əhəmiyyətli bir risk faktoru olmadığını göstərdi. Bunun səbəbi belə xəstələrdə tənəffüs yollarının hüceyrələrində ACE2 geninin (angiotenzin çevirən ferment) ekspressiyasının azalmasıdır. ACE2 geninin ekspressiysı hipertoniya xəstəliyi, piylənmə, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet və siqaret çəkən xəstələrdə artır və bununla əlaqədar olaraq onlarda koronavirus infeksiyası ağır keçir.

COVID-19-un spesifik müalicəsi olmadığı müddətdə bronxial astma xəstələrini qorumaq məqsədi ilə bütün səylər koronavirus infeksiyasının profilaktikasına yönəldilməlidir. Eyni zamanda, bronxial astmanı nəzarətdə saxlamaq məqsədi ilə bazis terapiyanı mütləq davam etdirmək lazımdır (inhlyasiyon qlükokortikosteroidlər, inhlyasiyon qlükokortikosteroidlər / uzun təsirli β2 agonistlər, antileukotrienlər).

Bronxial astma olan xəstə koronavirusa yoluxmamaq üçün əllərini tez-tez sabunla yumalı (ən azı 20 saniyə), COVID-19 epidemiyası zamanı insanlarla təmasdan çəkinməli, hamam otağı, dəsmal, qab-qacaq və digər məişət əşyalarını ortaq istifadə etməməlidir. Səthlərin təmizlənməsi və dezinfeksiya edilməsini ailə üzvləri xəstə evdə olmadıqda aparmalıdır ona görə ki, dezinfeksiyaedici maddələr astma tutmasına səbəb ola bilər.

Bronxial astma xəstələrinə aşağıdakı xüsusi tövsiyələr verilə bilər:

- özünü təcrid və karantin rejimini pozmamaq;

- həkim tərəfindən təyin olunan dərmanları təlimata uyğun qəbul etmək;

- astma tutmasına səbəb ola biləcək dezinfeksiyaedici maddələrdən uzaq durmaq;

- astma tutmasına səbəb ola biləcək stressdən uzaq durmaq.

Bronxial astma xəstəsi infeksiyaya yoluxmamaq üçün bütün bu tövsiyələrə əməl etməlidir:

Nebulayzer istifadəsindən çəkinmək lazımdır. Çünki, nebulayzer virusun digər xəstələrə və tibb işçilərinə yayılması riskini artırır. Bronxial astma tutmalarının müalicəsində spacer vasitəsilə dozalanmış aerosol inhlyatorlara üstünlük verilməlidir, zəruri hallarda müşdük və ya sıx maskalardan istifadə edilməlidir.

Spirometriya virus infeksiyasını yayaraq tibb işçiləri və pasiyentlərdə yoluxma riskini artıra bilər. Buna görə də təsdiqlənmiş və ya şübhəli koronavirus infeksiyası olan pasiyentlərdə spirometriya müayinəsi aparılmamalıdır. Koronavirus pandemiyası dövründə vacib olmadığı halda tibb müəssisələrində spirometriya və nəfəs vermənin zirvə sürətinin ölçülməsi (pikfloumetriya) müayinələrinin istifadəsini məhdudlaşdırmaq lazımdır.

Beləliklə, bronxial astma olan xəstə xəstəliyin gedişinə nəzarət etməli, sosial məsafəni saxlamalı və infeksiyanın profilaktikası üçün bütün tövsiyələrə əməl etməlidir. Ağır nəzarətsiz bronxial astmalı xəstə COVID-19 infeksiyasına yoluxarsa, onda ciddi ağırlaşma riski daha yüksəkdir. Bronxial astma xəstələrində tənəffüs yollarındakı iltihabı azaltmaq və kəskinləşmə riskini maksimum aşağı salmaq çox vacibdir. Xəstələr bilməlidirlər ki, astma əleyhinə dərmanların qəbulunun dayandırılması və ya terapiyanın dəyişdirilməsi SARS-CoV-2 infeksiyasına yoluxma riskindən daha təhlükəlidir.

Allergik rinitli xəstələr də yuxarıda göstərilən bütün tövsiyələrə əməl etməlidirlər. COVID-19 pandemiyası dövründə allergik rinit olan pasiyentlər həkim tərəfindən təyin olunan nazal kortikosteroidlər ilə müalicəni davam etdirməlidirlər.

Bu gün oxşar əlamətləri olan COVID-19, qrip və mövsümi allergiya (pollinoz) arasında differensial diaqnostika aparmaq çox vacibdir.

Pollinozdan əziyyət çəkən xəstələr COVID-19-a görə yüksək risk qrupuna daxildirlər. Belə xəstələrdə mukozal immunitet pozulur və qüsurlu dövran yaranır, bu zaman infeksiya allergiyanın gedişini, allergiya isə respirator infeksiyanın gedişini ağırlaşdırır.

COVID-19 və pollinoz əlamətlərini necə ayırd etmək olar?

Pollinozun əsas simptomları gözlərdə qaşınma, sulanma, yad cisim hissiyatı, konyunktivanın hiperemiyası, burunda qaşınma, burun tutulması, burun axıntısı və asqırmadır. Pollinoz və COVID-19 -un əsas fərqləri pollinozun mövsümi olması və simptomların antiallergik dərmanlar ilə aradan götürülməsidir. Koronavirus rinoreyaya səbəb ola bilər, lakin bu virusun fərqləndirici əlamətlərindən biri allergiyada müşahidə olunmayan yüksək temperaturdur. Yadda saxlamaq lazımdır ki, pollinozlar üçün temperaturun yüksəlməsi və həzm sisteminin pozulmaları xarakterik deyil. Yüksək temperatur, boğaz ağrısı, quru öskürək və çətinləşmiş tənəffüs müşahidə olunanda COVID-19 barədə düşünmək lazımdır.

COVID-19, qrip və allergiyanın

differensial diaqnostikası