İmmunitetin zəifləməməsi üçün: Dietoloqdan qidalanma qaydaları


Digərləri 23 May 2020 20:40:00 179 0

İmmunitetin zəifləməməsi üçün: Dietoloqdan qidalanma qaydaları

"Düzgün qidalanma immun sisteminin gücləndirilməsinin və sağlamlığın ən əsas şərtlərindən biridir. İstər Ramazan ayının vacib ibadətlərindən biri olan oruc tutulduğu zaman, istərsə də pandemiya dövründə düzgün və sağlam qidalanma mütləqdir. Orqanizm qısa müddətdə öz immun funksiyasını normal vəziyyətə qaytara bilir. Sağlam qidalanmaq üçün karbohidrat, zülal, yağ, mineral və vitaminlərin düzgün qəbul edilməsi vacibdir. Hər şeydən əvvəl gün ərzində su düzgün içilməlidir".

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu dietoloq, Mərkəzi Gömrük Hospitalının həkimi Məlahət Kərimova deyib.

Ramazan ayı ilə adi günlərdə qidalanmanın arasında böyük fərq olduğunu bildirən dietoloq deyib ki, adi günlərdə 3 əsas və 3 ara yeməyi olaraq 6 dəfə qidalanırıq. İstənilən vaxt su, çay, meyvə və ya çərəzlərdən istifadə edirik. Ramazan ayında isə bu qidalanma sistemi 2 dəfə olur: "Bunun üçün Ramazan ayı ərəfəsində 2 həftə və ya 1 ay əvvəlcədən orqanizmimizi hazırlamalıyıq: daha az kalorili qidalara, az duzlu yeməklərə üstünlük verməliyik ki, bu ay daha rahat keçsin.

Ramazan ayında imsaq ilə iftar arasında olan fasilə - 16 saat ərzində aclıq və susuzluq daha çox hiss olunur. Burada düzgün qidalanmaq əsas amillərdən biridir. Immum sistemimizi qorumalı, mədə-bağırsaq sisteminə diqqət etməliyik.

İmsaqda elə qidalar qəbul etməliyik ki, iftara qədər susuzluq çox hiss olunmasın. Buna görə duzsuz yeməklər yeməli, duza qoyulmuş turşulardan istifadə etməməli, yüksək kalorili xəmir yeməklərindən uzaq durmalıyıq. Su və çayın miqdarı yetərincə qəbul edilməlidir. Suyun xurma ilə içilməsi daha düzgündür. Bu da mədə-bağırsaq sistemimizin çalışması üçün əsasdır. Səhər yeməyində duzsuz pendir, soyutma yumurta, pomidor, xiyar, kəsmik, duzsuz şor, xurma və yulaf sıyığı istifadə edilməlidir. İftar süfrəsində 1 su bardağı otaq temperaturunda su içməyimiz ac olan mədəni və həzmi rahat edir.

Daha sonra sulu yeməklərlə qidalanmağa üstünlük verilməlidir. Ağır, daha yüksək kalorili qidaların qəbulu mədə-bağırsaq sistemində həzmi çətinləşdirir. Bişmiş tərəvəzli, ətli yeməklərə, tərəvəz salatlarına üstünlük verilməlidir. Süfrə arxasında sürəkli oturub yemək düzgün deyil. Fasilə verilməli, sonra 1porsiya olaraq müxtəlif meyvələrə, 1 ovuc miqdarında çərəzlərə üstünlük verilməlidir. Belə qidalandıqda, orqanizmə lazım olan miqdarda karbohidrat, zülal, yağ, vitamin və minerallar almıs oluruq. Bu da immum sistemimizin gücləndirilməsinə yardımçı olur.

Bir məqamı da qeyd edim ki, Ramazan ayından fərqli olaraq, adi aylarda gecə vaxtı qidalanmaq düzgün deyil".