Zumbi zəncilərin qəhrəmanı, avropalıların dəhşət kabusu


Digərləri 23 May 2020 19:55:00 136 0

Zumbi  zəncilərin qəhrəmanı, avropalıların dəhşət kabusu

Dəhşət filmlərindən bizə yaxşı olan zombilər - ölülər aləmindən qayıtmış qorxulu varlıqlardır. Onlar asanlıqla xarici qüvvə tərəfindən idarə olunurlar. Zombi sanki proqramlaşdırılmış robotdur, ona verilmiş tapşırığı qeyri-ixtiyari olaraq yerinə yetirir. O, məqsədə çatmaq üçün heç düşünmədən özünü məhv etməyə qadirdir, silahlı adamın üzərinə hücum edər, alovun içinə atılar. Zombinin qarşısını heç nə ala bilməz, yalnız xüsusi üsulla onu məhv etmək mümkündür.

"Zombi" sözünün mənası barədə fikirlər müxtəlifdir. Lakin yekdil fikir budur ki, bu söz Afrika mənşəlidir. Orta əsrlərdə Afrikadan gətirilmiş qullar vasitəsilə bu söz Avropalılara məlum oldu. Fərqli nəzəriyyələrə görə, yerli Afrika qəbilələrinin dilində "zombi" - kiçik tanrı, ölünün canı, ruh mənalarını verir, bunu aborigen tayfaların inancındakı nəhəng mənfi ilan obrazı ilə də bağlayırlar; bu ilan Günəşin, işığın və xoşbəxtliyin düşmənidir.

Son.az islam.az-a istinadən bildirir ki, tam sübuta yetməmiş bir nəzəriyyəyə görə isə, "zombi" sözü XVII əsrdə yaşamış real şəxsin adı ilə bağlıdır.

XVI əsrdən başlayaraq Qərb dünyası Afrikanın yerli əhalisini öz müstəmləkə siyasətinin qurbanına çevirdi. Bir neçə Avropa dövlətinin qatıldığı müstəmləkəçilik siyasətində Portuqaliya xüsusi fəallıq göstərirdi. Portuqaliyalılar Afrika qəbilərinə mütəmadi hücumlar edir, zənciləri ələ keçirib, qul kimi Amerikaya aparırdılar. Cənubi Amerikanın əkin torpaqlarında (plantasiyalarda) havayı qul əməyi avropalıların əsas gəlir mənbəyi idi. İslama və yerli qəbilə dinlərinə mənsub olan on minlərlə zənci öz vətənindən didərgin düşüb, bir qarın yemək naminə səhərdən axşama kimi durmadan işləməyə məcbur idi.

Bəzən qullar öz ağalarından qaçıb, keçilməz cəngəlliklərə pənah aparırdılar. XVII əsrin əvvəllərində artıq yüzlərlə qul Braziliyanın içərilərinə doğru çəkilib, orada öz icmasını yaratmışdı. Müstəmləkəçilər onların məskunlaşdığı yeri Palmaris (palma ağacları olan yer) adlandırırdılar. Palmarisdəki icma İslam qanunlarına tabe idi. Bəzi məlumatlara görə, buranın sakinləri arasında Quran hafizi olan şeyxlər də vardı. Doğulan azad zəncilərə dini hökmlər, Quran dərsləri keçilirdi.

Palmarisin sakinləri özlərini azad insan adlandırırdılar. Onlar vaxtaşırı plantasiyalara basqınlar edir, qulları özləri ilə aparırdılar. Palmarisə getmək zənci qulların ən böyük arzusuna çevrilmişdi. Onlar öz ağalarından qaçıb, həmvətənlərinə qoşulurdular.

Palmarisə pənah gətirmiş zəncilərdən biri də bu məqalənin qəhrəmanı Zumbinin atası idi. O, müsəlman dininə mənsub güclü döyüşçü idi, vətəni Anqoladan gətirilmişdi. Zumbi təqribən 1655-ci ildə Palmarisdə doğuldu. Bir dəfə o, atası ilə birgə ova gedərkən, portuqaliyalıların silahlı dəstəsinin hücumuna məruz qaldılar. Zumbinin atası mərdliklə döyüşüb həlak oldu. Balaca oğlanı isə portuqaliyalılar özləri ilə apardılar. Zumbini xristian kilsəsinə təhvil verdilər. Burada onu məcburi olaraq xaç suyuna salıb, adını dəyişdirdilər. Zumbi Fransisk adlanmağa başladı.

Gözlərinin qarşısından atasının ölüm səhnəsi çəkilməyən Zumbi intiqam yanğısı ilə yaşayırdı. O, şübhə doğurmamaq üçün verilən tapşırıqları səylə yerinə yetirirdi. Zumbi anlayırdı ki, düşmənlə uğurlu mübarizə aparmaq üçün savadlı və güclü olmaq lazımdır. Buna görə də elmi bilikləri həvəslə öyrənir, xarici dilləri mənimsəyirdi. Nəhayət, 15 yaşında ikən o, qaçıb Palmarisə gəldi. 

Zumbi tezliklə həmvətənləri arasında məşhurlaşdı və icmanın nüfuzlu şəxslərindən biri oldu. Bunun səbəblərindən biri də onun şahzadə nəslindən olması idi. Zumbinin dayısı Konqo şahzadəsi Akvaltunenin oğlu Qanqa Zumba idi. Böyük ehtimalla Zumbinin anası Sabina da şahzadə idi. Bu ailə portuqaliyalılarla Anqola qəbilələri arasında baş vermiş böyük döyüşdə əsir düşmüşdü. Beş min nəfərdən artıq anqolalının ölümü ilə nəticələnmiş həmin döyüşdə bu yerlərin kralı, övladları və yüzlərlə zadəgan ələ keçirildi, qul kimi Cənubi Amerikaya göndərildi. Az sonra Sabina və Qanqa əsirlikdən qaçaraq, Palmarisə gəldilər. Qanqa Palmarisdəki qaşqın qullar icmasının kralı oldu.

Zumbi təqribən 1670-ci ildə icmaya qoşulduqdan sonra krallığın hərbi qüvvələrinə başçılıq ona həvalə edildi. O, fiziki baxımdan güclü və dözümlü idi, döyüş taktikasını yaxşı bilirdi, portuqaliyalıların yanında yaşadığı müddət boyunca onların döyüş qaydalarını və silahlarını mükəmməl öyrənmişdi. 

Palmarisdəki müsəlman qulların icması xeyli inkişaf etmişdi. Onlar əsasən əkinçilik, maldarlıq, dulusçuluq, parça emalı ilə məşğul idilər, çaylardan balıq tuturdular. Zəncilər Braziliyanın yerli hindu tayfaları ilə xoş münasibət yaratmışdılar, onların arasında ticarət əlaqələri möhkəmlənirdi.

Palmaris sakinləri plantasiyalara tez-tez basqın edir və özləri ilə çoxlu qul gətirirdilər. Hərbi xidmətdən boyun qaçıran portuqaliyalı fərarilər də onlara qoşulurdular. Palmarisdə silah da istehsal edilirdi. Qullar silahdan istifadə etmək qaydalarını öyrənir və basqınlar zamanı həyata tətbiq edirdilər. Keçilməz cəngəlliklər avropalıların yolunu kəsir və qulları ələ keçirməyə imkan vermirdi.

1678-ci ildə Portuqaliya müstəmləkəsinin qubernatoru Palmarisə sülh təklifi etdi. Avropalılar qaçqın qulların qəfil basqınlarından cana doymuşdular və sülh müqaviləsi imzalamaqla güc toplamaq üçün vaxt qazanmaq istəyirdilər. Qubernator Palmarisdəki bütün qullara azadlıq veriləcəyini vəd etdi. Münbit torpaqların da bir hissəsi zəncilərə bağışlanacaqdı. Əvəzində onlar silahı yerə qoymalı və portuqaliyalılara hücum etməməli idilər. Palmarisin kralı Qanqa Zumba bu təkliflə razılaşdı. Lakin gənc Zumbi sülh təklifi ilə barışmaq istəmirdi. O, portuqaliyalıların hiyləgər hərəkətlərinin çox şahidi olmuşdu. Zumbi anlayırdı ki, müstəmləkəçilər vaxt udmaq üçün taktiki addım atırlar. O, plantasiyalarda işgəncə altında tər tökən həmvətənlərini də unutmamışdı. Zumbi işğalçılarla sülh bağlamağı əsirlikdə olan zəncilərə xəyanət etmək kimi dəyərləndirirdi. Həmvətənləri qul vəziyyətində qaldıqları halda o, azad gəzə bilməzdi.

Zumbi sülh təklifinə etirazını bildirdi. Nəticədə, onunla dayısı kral Qanqa arasında qarşıdurma yarandı. Zumbi hərbi qüvvəyə başçılıq edirdi, döyüşçülər ona tabe idilər. O, öz sübutları ilə Palmaris sakinlərini inandıra bildi. Əksəriyyət krala qarşı çıxdı. Qanqa Zumba öz əhatəsindəki şəxslərin biri tərəfindən zəhərlənib dünyasını dəyişdi. Digər məlumata görə, o, etirazçıları cəzalandırmaq istədikdə Zumbi tərəfindən öldürülmüşdü. Palmaris icmasının kral taxtı indi Zumbiyə məxsus idi. O, qan qohumluğu xətti ilə krallığa hüququ çatan yeganə varis sayılırdı, üstəlik, ondakı liderlik keyfiyyətləri də öz sözünü deyirdi. Zumbi kral nəslindən olan Dandara adlı cəsur qadınla evləndi.