Agentlik: Pandemiyadan sonra ölkə turizminin bərpası mərhələli şəkildə həyata keçiriləcək


Digərləri 23 May 2020 15:21:00 148 0

Agentlik: Pandemiyadan sonra ölkə turizminin bərpası mərhələli şəkildə həyata keçiriləcək

Pandemiyadan sonra ölkə turizminin bərpası mərhələli şəkildə həyata keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə "Pandemiyadan sonra turizmin bərpası və inkişaf planları" mövzusunda keçirilən onlayn müzakirədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə deyib.

Sektor müdiri hazırda əsas prioritetin daxili turizmin inkişafı olduğunu və bu istiqamətdə xüsusi kampaniyaların keçiriləcəyini bildirib. Kənan Quluzadə satışa istiqamətlənən marketinqin daha çox məlumatlılığın saxlanmasına yönəldiyini, eyni zamanda vətəndaşların sağlamlığının və təhlükəsizliyinin ön plana çəkildiyini vurğulayıb.

Pandemiyadan öncə üzərində işlənilən turizm layihələrinin davam etdirildiyini deyən Azərbaycan Turizm Bürosunun turizm sənayesi və destinasiyanın inkişafı departamentinin direktoru İlkin Cavadov hazırda bu istiqamətdə təkmilləşdirmə prosesinin həyata keçirildiyini bildirib.

O, "Macəra yaxındadır" platformasında artıq turizm şirkətləri və hotellər üçün qeydiyyatın açıq olduğunu, ölkə vətəndaşlarının istirahəti üçün digər turizm fəaliyyət növlərinin də yerləşdiriləcəyini qeyd edib.

İlkin Cavadov səfərlər təxirə salındığı üçün xarici bazarlarla işlərin elektron platformalar vasitəsilə davam etdirildiyini də diqqətə çatdırıb. O, sərhədlər açılandan sonra əsas üstünlüyün qonşu ölkələrə veriləcəyini, daha sonrakı mərhələdə isə digər xarici ölkələrə istiqamət götürüləcəyini bildirb.

Azərbyacan Turim Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev yay mövsümündə vətəndaşlara münasib qiymətlərə turizm xidmətlərinin göstərilməsi üçün müxtəlif istiqamətlərdə yerləşən hotellər və turizm mərkəzləri ilə görüşlərin keçirildiyini, eyni zamanda əməkdaşlıq istiqamətində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi üçün təkliflər üzərində işlər aparıldığını qeyd edib.

R.Hacıyev turizm şirkətləri ilə bağlı əvvəllər yaşanan narazılıqların yenidən baş verməməsi üçün bu şirkətlərin fəaliyyətində keyfiyyət standartlarının artırılması, müəyyən tənzimləmələrin və mexanizimlərin olmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.