Koronavirus böhranı ilə əlaqədar pul: Aİdə qalmaqal yaranıb


Dünya 23 May 2020 08:48:00 126 0

Koronavirus böhranı ilə əlaqədar pul: Aİdə qalmaqal yaranıb

Avstriya Avropa İttifaqının koronavirus böhranın öhdəsindən gələ bilmək üçün əvəzi ödənilməyəcək subsidiyaların deyil, müddətli və geri ödənilməsi tələb olunan yardımlara tərəfdardır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Avstriyanın Federal Kansleri Sebastian Kurts videoformatda qonaq qismində qatıldığı Almaniya Xristian-Sosialist İttifaqının (CSU) partiya qurultayında söyləyib. Qeyd edib ki, Avstriyanın da qoşulduğu bir neçə ölkə Aİ tərkibində "arxa qapıdan vəsaitlərin paylandığı borc ittifaqı" yaradılmasına qarşı çıxır, çünki əvəzsiz verilən subsidiyalar uzunmüddətli perspektivdə Avropaya zərər yetirəcək. Kansler koronavirus böhranı ilə əlaqədar çətin maliyyə vəziyyətinə düşən üzv ölkələrə əvəzi ödənməyən təcili subsidiya yardımları əvəzinə, geri ödənməli kredit proqramlarını dəstəklədiklərini ifadə edib.

Qeyd edilməlidir ki, Almaniya və Fransa hökumətləri Avropa Komissiyasına maliyyə bazarlarından Aİ adından kredit götürülməsinə icazə verən yardım planı təklif edib. Həmin vəsaitlər 500 milyard avroluq yenidənqurma fonduna daxil edilməli və Aİ büdcəsindən böhranın ağır zərbə vurduğu ölkələrə geri ödənməsi tələb olunmayan birdəfəlik subsidiyalar şəklində təqdim olunmalıdır.

Avstriya bu plana qarşı çıxaraq Niderland Krallığı, Danimarka və İsveçlə birlikdə alternativ plan təqdim edəcəklərini elan edib. Bu ölkələr ümumi borc hesabına ölkələrin dəstəklənməsini deyil, müəyyən şərtlər çərçivəsində kredit imkanlarının nəzərdə keçirilməsini istəyirlər.