Ağstafada 6 piyada əleyhinə mina aşkarlanıb FOTO


Digərləri 23 May 2020 07:15:00 146 0

Ağstafada 6  piyada əleyhinə mina aşkarlanıb  FOTO

Mayın 22-si saat 11:55-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonu, Köhnəqışlaq kəndi ərazisində 6 ədəd partlamamış piyada əleyhinə minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Son.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 6 ədəd piyada əleyhinə OZM-72 minası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Piyada əleyhinə minaların ətrafında 100 kv.m əraziyə yerüstü, 25 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.