"News Blaze" nəşri: Azərbaycan "əyrini hamarlayan" ölkələr arasındadır


Digərləri 22 May 2020 21:50:00 160 0

"News Blaze" nəşri: Azərbaycan "əyrini hamarlayan" ölkələr arasındadır

"News Blaze" nəşrində amerikalı jurnalist və publisist Nurit Qrinqerin "Azərbaycan "əyrini hamarlayan" ölkələr arasındadır" sərlövhəli məqaləsi dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülmüş tədbirlərdən bəhs edilir.

Müəllif qeyd edir ki, son günlərdə bütün dünyada "əyrinin hamarlanması" - koronavirusa yoluxma hallarının təsdiq edilmiş sayının azalması haqqında xəbərlər dərc edilir. KİV-lər Birləşmiş Ştatlarda, Avropa ölkələrində, hətta İsraildə əyrinin hamarlanmasını xatırladırlar, amma Azərbaycan kimi ölkələr haqqında yazmırlar, halbuki bu ölkənin rəhbərliyi koronavirusun yayılmasının qarşısını almaq üçün çox ciddi tədbirlər görüb.

Cari ilin fevral ayında Azərbaycanda olmuş N.Qrinqer məqalədə daha sonra ABŞ aeroportlarındakı vəziyyəti Heydər Əliyev beynəlxalq aeroportunda gördüyü vəziyyətlə müqayisə edərək yazır: "Mən Azərbaycana çatanda axşamdan xeyli keçmişdi. Tibbi komanda aeroporta yeni gəlmiş sərnişinlərin temperaturunu ölçmək üçün onları gözləyirdi, aeroportda hamı maska taxmışdı".

Qrinqer qeyd edir ki, koronavirusun yayılmasının qarşısını almaq cəhdi "əyrinin hamarlanması" adlanır. 2020-ci il mayın 19-u üçün olan məlumata görə ölkədə 240.220 koronavirus testi keçirilib. Bu onunla bağlıdır ki, Azərbaycan rəhbərliyi virusun yayılmasının qarşısının alınması üzrə genişmiqyaslı və sərt tədbirlər tətbiq edib. Məsələn, sakinlər evdən çıxmaq üçün icazə almalı idi. Yaşı 65-dən yuxarı olan insanların evdən çıxması qadağan edilmişdi. Sərhədlər bağlanmışdı, paytaxt Bakıdan, başqa şəhər və rayonlardan sərnişinlərin yerüstü və hava nəqliyyatı ilə standart yerdəyişməsi qadağan edilmişdi. Bütün tədris prosesi onlayn rejimdə və milli teleproqramlar üzrə keçirdi. Bütün ictimai xidmət mərkəzləri müvəqqəti bağlanmışdı. Təntənəli əyləncə gecələri, idman tədbirləri, hər cür əyləncələr, dini mərasimlər, toylar, dəfnlər və digər ictimai tədbirlər qadağan edilmişdi.

Qrinqer yazır ki, Azərbaycanın səhiyyə sistemi qısa müddətə əsaslı surətdə yenidən quruldu. Ən yaxşı xəstəxanalar koronavirusa yoluxmuş pasiyentlərin müalicəsi üçün ayrılmışdı.

Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Azərbaycanda koronavirusun ikinci dalğası başlanacağı halda kifayət qədər əlavə çarpayılar var. Beləliklə, səhiyyə sisteminin modernləşdirilməsi indi həmişəkindən daha əhəmiyyətlidir, çünki koronavirusun yayılmasının nə qədər davam edəcəyini heç kəs bilmir".