“Anglo-Asian Mining” Azərbaycanda 5 yeni qızıl və mis sahələri üzrə planını açıqlayıb


İqtisadiyyat 22 May 2020 14:53:02 152 0

“Anglo-Asian Mining” Azərbaycanda 5 yeni qızıl və mis sahələri üzrə planını açıqlayıb

​“Anglo-Asian Mining” Azərbaycanda mis və qızıl ehtiyatları olan 5 sahə üzrə planını açıqlayıb

Azərbaycanda qiymətli metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining” şirkəti hasilatı artırmağa imkan verən beş yeni qızıl və mis ehtiyatları kəşf olunmuş sahələrin ehtiyatlarının müəyyənləşdirilməsi və hasilata başlanması üçün işlər görür.

“Report” xəbər verir ki, bu barədə şirkətin yenilənmiş strategiyasında bildirilib.

Bildirilib ki, bunlar “Avşanclı-1”, “Avşanclı-3”, “Gilar”, “Uğur” və “Zəfər” sahələridir. Gədəbəy müqavilə ərazisindəki sahələr 300 kvadrat km ərazini əhatə edir.

Gədəbəy müqavilə sahəsinin şimal-şərq hissəsində, şirkətin mövcud qurğularından 6,5 km məsafədə yerləşən “Avşanclı-1” və “Avşanclı-3” potensial yataqlarının həcmlərini müəyyənləşdirmək üçün 2020-ci ilin sonunadək kəşfiyyat işləri aparılacaq.“Afşanclı-1” səthində və dərinliklərində qızılla zəngindir. “Afşanclı-3” isə mis ehtiyatları ilə zəngindir. Bildirilib ki, kəşfiyyat uğurlu olarsa, 2022-ci ilin II və III rübündə “Afşanclı-1”, III rübündə isə “Avşanclı-3” sahəsində hasilat başlanıla bilər.

“Avşanclı-1” sahəsinin yaxınlığında yerləşən digər potensial qızıl yatağında isə 2021-ci ilin sonunadək kəşfiyyat işlərini aparılması planlaşdırılır. Burada hasilatın isə 2023-cu ilin I rübündə başlanması nəzərdə tutulur.

“Uğur” yatağının bir neçə yüz metr cənub-şərq hissəsində yerləşən mis ehtiyatları ehtimal olunan eyniadlı sahədə kəşfiyyat işlərinin 2020-2021-ci illərdə aparılması, 2023-cü ilin I rübündə isə hasilata başlanması planlaşdırılır.

“Zəfər” sahəsi isə dərinliklərdə yerləşdiyindən kəşfiyyat işlərinin daha uzun çəkəcəyi və hasilata 2025-ci ildə başlanacağı ehtimal olunur.

Bildirilib ki, beş sahə üzrə yüksək səviyyəli iş proqramı və büdcə hazırlanıb.