ASAN-ın Monitorinq Mərkəzi ötən il tikinti sahəsində 42 pozuntu halı aşkarlayıb


Siyasət 22 May 2020 13:08:46 139 0

ASAN-ın Monitorinq Mərkəzi ötən il tikinti sahəsində 42 pozuntu halı aşkarlayıb

Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən hesabat ilində tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 67 monitorinq həyata keçirilib və bunlardan 42 monitorinqdə

Prezident yanında Vətəndaşlar Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN)Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən hesabat ilində tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı 67 monitorinq həyata keçirilib və bunlardan 42 monitorinqdə pozuntu halı aşkarlanıb.

"Report"un məlumatına görə, monitorinqlər zamanı 2 651 nəfər yoxlanılıb və bu işçilərdən 351 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan çalışdığı aşkar edilib. Monitorinq olunmuş işəgötürənlər üzrə qeyri-formal məşğulluq səviyyəsi 13,2 faiz olub.

Müqavilə ilə çalışan 2 300 işçidən 96 nəfərin işəgötürənlə əmək münasibətinin xidməti (mülki) müqavilə əsasında rəsmiləşdirildiyi aşkar edilib. Yoxlanılmış işçilərin 120 hüquqi və fiziki şəxsi təmsil etdiyi müəyyən edilib.

2019-cu il əzində işəgötürənlər (Bakı şəhərində 2016-cı ildən sonrakı dövrdə tikintisinə başlanılan çoxmənzilli yaşayış binalarının inşasını həyata keçirən işəgötürənlər) üzrə 90 989 əmək müqaviləsi imzalanıb və bunlardan 24 510 əmək müqaviləsi hazırda qüvvədədir.

Hesabat dövründə Monitorinq Mərkəzi tərəfindən keçirilmiş 67 səyyar monitorinq hər birindən sonra yalnız monitorinq edilmiş işəgötürənlər üzrə 66 946 əmək müqaviləsi imzalanıb və bunlardan 16 066 əmək müqaviləsi hazırda qüvvədədir.

Dövlət Agentliyi tərəfindən son bir il ərzində həyata keçirilən nəzarət tədbirləri nəticəsində Bakının tikinti sektorunda əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində müsbət dəyişikliklər müşahidə edilməkdədir. Belə ki, monitorinqlər keçirilməyə başlanıldığı dövrdə çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan işçilərin təqribi olaraq 33,8 faizi əmək müqaviləsi bağlanmadan çalışırdısa, hazırda bu göstərici 9,5 faizə qədər azalıb. Başqa sözlə ifadə etsək, hazırda çoxmənzilli yaşayış binlarının inşaatı sektorunda çalışan hər 10 işçidən 1-i əmək müqaviləsi olmadan fəaliyyət göstərir.