Yeni tələblərin şamil olunacağı turizm subyektlərinin sayı arta bilər


Digərləri 19 May 2020 19:04:00 130 0

Yeni tələblərin şamil olunacağı turizm subyektlərinin sayı arta bilər

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin etmək məqsədilə hazırlanan Sanitariya və Gigiyena Metodları və Normaları Proqramının (SAHMAN - Sanitation and hygiene methods and norms) gələcəkdə turistlərə xidmət göstərən digər subyektlərə şamil olunacağı da gözlənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun Turizm sənayesi və destinasiyanın inkişafı departamentinin rəhbəri İlkin Cavadov deyib.

Onun sözlərinə görə, bu proqram hazırda turizm fəaliyyəti ilə məşğul olan beş subyektə - yerləşdirmə vasitələri, turistlərə xidmət göstərən iaşə obyektləri, turistlərə xidmət göstərən nəqliyyat növləri, bələdçilər və Dövlət Turizm Agentliyinin nəzdində olan 7 qoruğa şamil edilir.

İ.Cavadov əlavə edib ki, gigiyena və sanitariya normaları turizm sektoru üçün ən başlıca kriteriyalardandır:

"Bunu nəzərə alaraq, Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı hazırlanıb. Həmin normalar sırf Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul olunan və tövsiyə edilən gigiyena və sanitariya normaları əsasında tərtib edilib".