Koronavirus insanın bütün orqanlarına təsir edir


Dünya 19 May 2020 18:49:00 127 0

Koronavirus insanın bütün orqanlarına təsir edir

Koronavirusun yeni növü yalnız tənəffüs yollarına deyil, həm də insanın digər orqanlarına təsir göstərir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu nəticəyə gələn avstraliyalı alimlər və həkimlərin məqaləsi "Annals of Internal Medicine" elmi jurnalında dərc edilib.

Tədqiqat zamanı mütəxəssislər koronavirus infeksiyası nəticəsində ölən 11 xəstənin orqanlarının vəziyyətini təhlil ediblər. Həmin şəxslərin (orta yaş həddi 80-dən çox olan) arasında səkkiz kişi və üç qadın olub.

"Əsas informasiyalar koronavirus infeksiyasının yuxarı tənəffüs yolları və ağciyər toxumalarının zədələnməsi ilə başlasa da, virusun insan bədəninə patoloji təsir bununla bitmir. Virus ağciyər arteriyasının trombozunun inkişafına təsir edir və digər orqanlara ziyan vurur", - deyə əsər müəlliflərindən biri olan Maykl Trauner bildirib.

Araşdırmanın digər müəllifi Ziqurd Laks isə əlavə edib ki, koronavirusa yoluxan zaman orqanizmdə yalnız ağciyər zədələnmələri ilə deyil, böyrək çatışmazlığı, qaraciyər və mədəaltı vəzin funksiyalarının pozulması kimi bir sıra ciddi xəstəliklər də müşahidə olunur.

Məqalə müəllifləri qeyd edirlər ki, koronavirus infeksiyası zamanı ölümün əsas səbəbləri ağciyər çatışmazlığı və qan dövranının pozulmasıdır.

Əvvəlcə SARS-CoV-2 alveollara - qaz mübadiləsinin baş verdiyi ağciyərlərdə xüsusi birləşmələrə təsir göstərir, onları faktiki olaraq məhv edir.

Sonra virus kapilyarlarda - insan bədəninin toxumalarına oksigen verən ən kiçik damarlarda hərəkət edir. Nəticədə, damarların mənfəzi daralır və ətrafdakı toxumalar ölməyə başlayır.