“Oğlanı çıxartdım bayıra, vurdum”


Kriminal 19 May 2020 12:49:00 169 0

“Oğlanı çıxartdım bayıra, vurdum”

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1970-ci il təvəllüdlü, Bakının "Kubinka" məhəlləsində dünyaya gələn Səməd Səmədov öz həyat hekayəsini danışıb.

Səməd Səmədov - Məhkum (Cəzası 14 il (ümumi 24 il)): Atam kababçı olub, qohumlarım da tanınan kababçılar olub. Mən də məclislərə kabab çəkməyə gedirdim, atama kömək edirdim. Anam isə məşhur xalçaçı olub. Onun əsərləri Nizami muzeyində də nümayiş olunur. Uşaq vaxtlarımdan hərbçi olmaq istəyirdim. Ona görə də 7-ci sinifdə oxuyanda sənədlərimi hərbi məktəbə verdim. Lakin gözlərimdə zəiflik olduğu üçün hərbçi olmaq arzum ürəyimdə qaldı.

Birinci cinayətimi yeniyetmə yaşlarımda törətmişəm. Öldürdüyüm şəxs bacımın sinif yoldaşı idi. Gənclik illərim idi, getdim bacımgilin məktəbinə. Əmək təlimi dərsi idi. Çağırdım oğlanı çıxartdım bayıra, vurdum. Amma ölümünə vurmamışdım. Məxsusi olaraq da öldürmək üçün çağırmamışdım. Sadəcə, cavanlıq idi, vurdum, öldü. Azyaşlı olduğuma görə mənə 10 il həbs cəzası verdilər. O barədə çox danışmaq istəmirəm.

Həbsdən çıxandan sonra da özümə gəlmədim, başladım cavanlıq etməyə. Atamın, anamın arzuladığı insan ola bilmədim, özbaşına oldum, öz yolumu seçdim. Mən, onsuz da, valideynlərimin arzuladığı kimi yaşaya bilməyəcəkdim, onsuz da, belə yaşayacaqdım. Birdən birə iki adam olmaq olmur, mən özüm oldum. O vaxtlar törətdiyim əməldən peşmançılıq çəkmirdim. Amma indi çox peşmanam.

Azadlıqda olanda göyərti satırdım, Pirşağıda qoyun otarırdım. Süd məhsulları satmışam, bıçaq itiləmişəm amma özümü bir sənətdə, peşədə tapa bilməmişəm.