Evlilik və cinsi əlaqə yaşı: hüquq və gerçəklik


Digərləri 16 May 2020 19:25:00 230 0

Evlilik və cinsi əlaqə yaşı: hüquq və gerçəklik

Bu günlərdə Ombudsman Milli Məclisin plenar iclasında 2019-cu ilə dair məruzəsində erkən evlilik hallarının aradan qaldırılması məqsədilə Cinayət və Ailə Məcəlləsinə dəyişiklik olunmasını təklif edib. Ombudsmanın yanaşmasına görə, cinsi əlaqədə olma yaşı evlilik yaşına uyğunlaşdırılmalı və məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxslə təqsirləndirilən arasında 2 il yaş fərqinin olmasının ləğvini nəzərdə tutur.

Son.az gencaile.az-a istinadən bildirir ki, cəmiyyətdə, elə hüquqşünaslar arasında da 16 yaşına çatmayan (Cinayət Məcəlləsinin (CM) 152.1) şəxslə cinsi əlaqədə olmaq məsələsində mütləq zərərçəkmişin qadın olması təsəvvürü var ki, bu yanlışdır. Bu maddə təkcə  təbii yolla cinsi əladəqə olmanı deyil, eyni zamanda uşaqbazlıq, lesbiyanlıq və s. kimi eyni qəbildən olan seksual xarakterli hərəkətləri nəzərdə tutur.

Bunu zorlama ilə qarışdırmaq olmaz. Belə ki, CM-nın 152-ci  maddəsi könüllü münasibətləri nəzərdə tutsa da, zorlama cinayəti adından da göründüyü kimi şəxsin iradəsində  kənar baş verir.

On altı yaşı tamam olmayan şəxslə cinsi əlaqəni qadağan edən  maddənin tələbinə əsasən, 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan şəxsin özündən iki yaş böyük adamla öz razılığı, yəni könüllü cinsi əlaqədə olması belə cinayətin  baş verdiyini göstərir.

Bu maddə üzrə zərərçəkmiş, həm qadın, həm də kişi ola bilər. Burada cinayətin obyekti şəxsin cinsi toxunulmazlığıdı. Zərərçəkmiş kimi isə cinayət törədilənə qədər 14 yaşına çatmış, lakin 16 yaşı tamam olmamış şəxs tanınır. Zorlama cinayətinin obyekti isə bilavasitə qadının  cinsi azadlığı, yetkinlik yaşına çatmayanların isə cinsi  toxunulmazlığıdı.

On altı yaşına çatmayan şəxslə cinsi əlaqə könüllü olsa belə, həmin şəxsin kəmağıllığı və s. psixi xəstəliklərinə  görə öz hərəkətlərinin mahiyyətini dərk etməməsini cinsi aktı həyata keçirən şəxs anlayırsa, əməl zorlama (149) və seksual xarakterli zorakılıq hərəkətləri (150) kimi qiymətləndirilməlidi.

Bu cinayətin xüsusiyyətlərindən biri də təqsirkarın zərərçəkmişin 16 yaşının tamam olmamasını bilməsidir. Bu hal istintaqda əksər hallarda vəziyyəti obyektiv qiymətləndirməyə mane olur və sübut etməni  çətinləşdirir.

erken nikah

Məsələn, şəxs 16 yaşı tamam olmadığını bildiyi, əvvəldən tanıdığı şəxslə cinsi əlaqədə olur. O, cinsi əlaqədə olduğu şəxsin doğum tarixini dəqiq bilir. Belə olanda şəxsin cinsi əlaqədə olduğu adamın 16 yaşına çatmadığını bildiyini müəyyən etmək olur. Bu cür münasibət isə həmişə bir-birini əvvəldən tanıyan şəxslər arasında olmur. Şəxslər adətən təsadüfi tanışlıq nəticəsində cinsi əlaqədə olanda bir-birindən şəxsiyyət vəsiqəsi və ya doğum şəhadətnaməsi istəmirlər. Ola bilər ki, şəxsin xarici  görünüşü 16 yaşdan böyük görünsün. Şəxslərin bir-birinin xarici görünüşündən yaşlarını bilməsi mümkünsüzdür. Qanunun müddəasına görə, şəxs zərərçəkmişin yaşının 16-dan az olmasını bilməyəndə məsuliyyətə cəlb edilmir. Bu cinayətin sübut edilməsində kifayət qədər problem yaradır. Bəzən zərərçəkmişin doğum sənədinin olmamasına da rast gəlinir.

Belə olanda istintaqda məhkəmə-psixoloji və digər ekspertizalar təyin edilir. Ekspert rəyində şəxsin həmin situasiyadakı psixoloji vəziyyəti, digər şəxs barədə düşüncələri, görünüşü, yaşı və s əksini tapir. Amma bu  da yekdil sübut kimi qiymətləndirilə bilmir.

Bu cinayət hadisənini müəyyənləşməsini çətinləşdirən hallardan biri də əlaqənin adətən hər iki şəxs tərəfindən gizlədilməsidir. Hüquq-mühafizə orqanları əksərən 16 yaş aralığındakı qızların hamiləliyi, doğuş və abort üçün xəstəxanaya müraciət etməsindən sonra xəbər tuturlar. Bu vəziyyətdə isə cinayətin olub-olmadığını müəyyənləşdirmək üçün həkim ekspertin rəyinə ehtiyac var. Məsələ odur ki, şəxsin 15 yaşının son günündə cinsi əlaqədə olma məsuliyyət yaratdığı halda, 16 yaşının ilk günü cinsi əlaqə olmaq cinayət məsuliyyəti yaratmır. Yəni burda 1 saat müddət şəxsin əməlinin cinayət olub-olmadığını müəyyənləşdirir.

Zərərçəkmiş kişi olanda isə istintaq və əməliyyat aparatı məlumat verən mənbələrdən də məhrum olur.