Bakıda karantin rejimində avtomobillərin sayının azalması ekoloji təmizliklə nəticələnib


Digərləri 10 Apr 2020 16:17:00 145 0

Bakıda karantin rejimində avtomobillərin sayının azalması ekoloji təmizliklə nəticələnib

"Bakı Nəqliyyat Agentliyi karantin günlərində paytaxtda hərəkət edən kiçik, orta və iri tutumlu nəqliyyat vasitələri üzrə araşdırma aparıb".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, araşdırmalar nəticəsində karantin rejimi ilə əlaqədar nəqliyyat vasitələrinin sayında müşahidə olunan azalmanın şəhərin ekoloji durumuna müsbət təsir etdiyi məlum olub:

"Belə ki, son bir ayda paytaxtda havanın çirklənmə səviyyəsində xeyli azalma müşahidə olunur. Xüsusi karantin rejimi çərçivəsində hərəkətə tətbiq edilən məhdudiyyətlər havadakı zərərli qaz və tullantıların həcminin azalmasına səbəb olub.

Paytaxtın bəzi küçə və prospektlərindəki işıqforlarda quraşdırılan hava keyfiyyəti sensorlarının qeydə aldığı nəticələrə görə, yeni il tətili günlərində Bakı şəhərinin havasında PM2.5 sərt hissəciklərdə azalma 27% olubsa, koronavirusla bağlı tədbirlər zamanı bu azalma 50% təşkil edib.

PM10 sərt hissəcikləri isə yeni il tətilində 50%, karantin rejimində 70%-ə enib. Karbon monoksid yeni ildə 40%, karantin rejimində 60%-ə qədər azalıb.

Azot dioksidin həcmində də azalma müşahidə olunur: Yeni ildə 20%, karantin rejimində isə 40%.