Koronavirusdan sonra beynəlxalq əlaqələr necə dəyişəcək?


Siyasət 10 Apr 2020 15:56:00 117 0

Koronavirusdan sonra beynəlxalq əlaqələr necə dəyişəcək?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Kanadanın nüfuzlu "Geopolitical Monitor" nəşri üçün COVİD-19 pandemiyasının bitməsindən sonra dünya düzəninin necə dəyişəcəyi və normal həyata qayıdışa dair məqalə yazıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, məqalədə bildirilib ki, COVID-19 pandemiyası dünyanda böhran yaratdığı bir vaxtda çox sayda ekspertlər ölkələrin və digər aktorların davranışlarında dəyişikliklərin olacağını proqnoz verirlər.

Bəziləri ölkələr arasında sərhədlərin bağlanması ilə qloballaşma təhlükəsinə dair xəbərdarlıq edir, digərlər ksenofobiya, milliyyətçilik və rasizmin yeni dalğasının baş qaldıracağını ehtimal edirlər. Həmçinin qlobal böhran fonunda böyük güclər arasında rəqabətin artacağı proqnozlaşdırılır. Lakin müəllifin fikrincə, dünyanın beynəlxalq əlaqələr sistemində hər hansı köklü dəyişiklər baş verməyəcək.

Müəllif məqalədə COVİD-19 infeksiyası ilə 1918-1919-cu illərdə yayılmış İspan qripi pandemiyasının müqayisəli təhlilini aparır: "Bu pandemiyadan sonra bir sıra ölkələrin milli səhiyyə sisteminin yenidən qurulmasına baxmayaraq beynəlxalq münasibətlər sistemində əsaslı dəyişiklik müşahidə olunmadı. Dünya BMT-nin sələfi olan Millətlər Liqasının yaranmasına və dağılmasına şahid oldu. 1939-1945-ci illərdə daha bir dünya müharibəsi baş verdi. I Dünya Müharibəsi İspan qripinə nisbətən beynəlxalq münasibətlərdə daha çox dəyişiklik yaratdı".

Müəllif hesab edir ki, koronavirusdan sonrakı dövrdə bəzi ölkələrdə baş qaldıracaq iqtisadi böhran yeni regional münaqişələrə səbəb ola bilər. Lakin bəşəriyyət bu virus və ya digər yoluxma nəticəsində ərzaq çatışmazlığı ilə qarşılaşmadığı müddətdə dünya ciddi şəkildə dəyişməyəcək.

Fərid Şəfiyev qeyd edib ki, ölkələrin bu pandemiya ilə necə mübarizəsinə dair bir sıra müzakirələr aparılır. Bəzi ekspertlər dünyanın gələcəkdə də bu kimi viruslarla qarşılaşa biləcəyini əsas tutaraq COVİD -19 pandemiyasından sonra hansı nəticələrin çıxarılmalı olduğuna diqqət çəkir.

"Görünür, bu böhran xüsusilə virusun ilkin dövrlərində informasiya çatışmazlığı səbəbindən daha da şiddətlənib. Böyük hökumətlər resursların səfərbər olunması və pandemiyanın və iqtisadi böhranın nəticələrinin yüngülləşdirilməsi baxımından daha çox təminatlıdır. Eyni zamanda yüksək səviyyədə səhiyyə sistemi əhalinin daha yaxşı tibbi imkanlardan yararlanması üçün vacibdir",- deyə müəllif qeyd edir.

F.Şəfiyev hesab edir ki, bu pandemiyadan sonra cəmiyyətlərin "yeni normalar"a keçməsi ilə "normal həyata qayıdış" prosesi başlayacaq. Əksər ölkələrdə siyasi düzən və beynəlxalq əlaqələrin hazırki forması olduğu kimi qalacaq. Eyni zamanda bəzi ölkələr öz səhiyyə sistemlərini və fövqəladə hadisələrə reaksiya imkanlarını daha da təkmilləşdirəcəklər. Təhsil və biznes mühitində onlayn platformalardan istifadə daha da artırılacaq.

Müəllifin fikrincə, BMT, o cümlədən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı qlobal böhranlar dövründə daha vacib qurumlara çevrilir. Beynəlxalq səhiyyə orqanları, xüsusilə Ümumdünya Səhiyyə Təşkilatının işi, o cümlədən milli səhiyyə sistemləri daha da gücləndirilməlidir.

Məqalədə qeyd olunub ki, COVİD-19 pandemiyası bioloji müharibənin baş verəcəyi ilə bağlı müzakirələrə yol açıb. "Lakin bu ideyalar yeni deyil. Bioloji silahlar I Dünya Müharibəsindən sona qadağan edilib. Bu qadağa 1972 və 1993-cü illərdə bu silahların istehsalı və tədarükünün kriminallaşdırılmasına dair qanunlarla daha da gücləndirilib. COVİD-19-un yayılması onu göstərdi ki, bioloji silah heç bir ölkəyə güzəştə getməz və hətta silahı buraxan ölkəni də yoluxdurar", -deyə məqalənin müəllifi vurğulayıb.

Fərid Şəfiyev bildirib ki, bütün hallarda dünya gözlənilən iqtisadi böhranın simasında COVİD-19-un təsirlərini hiss edəcək, lakin bəşəriyyət bu problemlə əvvəllər də qarşılaşıb. Dünya liderləri milliyyətçiliyin növbəti dünya müharibəsinə yol aça biləcəyi səviyyəyə çatmasının qarşısını alacağı təqdirdə bu problem idarə olunan bilər.