Karantin rejiminə məhəl qoymayanlarla nə etməli?


Dünya 10 Apr 2020 14:02:40 198 0

Karantin rejiminə məhəl qoymayanlarla nə etməli?

Koronavirusa yoluxmuş pasiyentlərin müalicə aldıqları, daha doğrusu onların həyatları uğrunda mübarizə aparıldığı reanimasiya şöbəsində çalışan fransız həkimin dedikləri (onun hər sözünə inanıram): "Əsl fəlakətdir. Dəhşətdir. Belə olacağını ağlıma da gətirə bilməzdim. Düşünürdüm ki, şöbəmizin pasiyentləri, əsasən, qocalar olacaqlar. Amma yaşı 40-dan az olanların sayı artır. Hələ pik nöqtəsinə çatmamışıq, yoluxmaların da sayı artır. İnan ki, çox çətindir, çox. Qoruyucu paltarda, maskada iki saatdan artıq durmaq olmur. Ürək bulanır, baş gicəllənir, ağızda dil quruyur. Ona görə hər iki saatdan bir paltarı dəyişirik. Pasiyentlərimiz arasında ağciyərlərin süni ventilyasiyası aparatına qoşulanlar artır. Pasiyentə narkoz vurandan sonra bu aparata qoşuruq. Adətən iki həftə həmin vəziyyətdə qalır. Nəfəs almasını yüngülləşdirmək üçün qarnı üstə çeviririk. Pasiyentlərin sayı artarsa, virusun öhdəsindən gələ bilməyəcəyik. Yeganə çıxış yolu karantin rejiminə tam riayət etməkdir. Kimisə aldatmağa çalışan, əslində, öz taleyi ilə rus ruleti oynayır..."

ABŞ-da və Avropa ölkələrində özlərinə "sığınacaq" tapmış "müstəqil bloqer"lər isə səs-səs verib buyururlar ki, qoymayın, Azərbaycanda polis rejimidir, diktaturadır və s. Səbəb? Ölkədə karantin rejiminin tətbiq olunması ilə bağlı küçələrdə polislərin olması, vətəndaşların yoxlanması və karantin rejiminin tələblərini kobud şəkildə pozanların cərimələnməsi.

AXCP sədri və bloqer Əli Kərimli də sözügedən rejim elan olunandan bəri isteriyadadır, "Azərbaycanı polis rejimli ölkəyə döndərirlər, insanlar cərimələnir, hüquqları pozulur" deyir.

Və bu şəxslər "misal" kimi başqa ölkələri göstərir, "digər dövlətlərdə hakimiyyət karantin rejimində vətəndaşlarla çox yumşaq davranır" söyləyirlər.

Gerçəkdən belədirmi?

COVİD-19 koronavirus pandemiyasının qarşısını almaq üçün dünya ölkələrinin tam əksəriyyətində karantin rejimi tətbiq olunub. Dövlət qurumları və həkimlər evdə qalmağı, küçəyə yalnız ərzaq almağa, aptekə və ya həkim müayisinə yollanmaq üçün çıxmağı tövsiyə edirlər.

İş yerlərinin tam əksəriyyətində (məsafədən çalışmağın mümkün olmadığı strukturlar istina olmaqla) məsafəli, yəni evdən çalışma rejiminə keçilib.

Karantin rejimini pozanları isə sərt cəzalar gözləyir.

Ölkələr üzrə cəzaların təsnifatına nəzər salaq%

Çin

COVİD-19 koronavirusunun başlandığı Çində infeksiya ilə çox sərt mübarizə rejimi tətbiq olunur. Çin Xalq Respublikasının Cinayət Məcəlləsi ən ağır cəzaları belə istisna etmir. Belə ki, COVİD-19 koronavirusuna yoluxma simptomlarını gizlədən şəxsi edam gözləyir.

Karantin rejimini ilk dəfə pozan 5 min yuan (təqribən 700 dollar) cərimələnir, təkrar pozuntular isə 3 ilədək həbslə cazalanır.

Koronavirusa yoluxduğu təsdiqlənmiş pasiyent müalicədən etiraz edirsə, izolyasiya rejimini pozursa, onu edam gözəyir. Pandemiya zamanı tibb işçisinə ağır xəsarət yetirən və ya tibb personalının müdafiə geyimini xarab edən şəxs də edam olunur.

İtaliya

Avropada ən sərt karantin rejiminin tətbiq olunduğu İtaliyada vətəndaş evdən çıxmaq istəyirsə, xüsusi sənədi doldurmalı, evdən çıxmasının səbəbini göstərməlidir. Bunu etməyəni 3 ayadək həbs və ya 206 avroluq cərimə gözləyir.

Cənubi Koreya

Cənubi Koreyada koronavirusla effektiv mübarizə aparmaq üçün qanunvericiliyə dəyişikliklər olunub. Hospitallaşdırma və ya karantin rejiminin pozulması ya 10 milyon vona qədər (təqribən 8200 dollar) cərimə, ya da 1 ilədək həbslə cəzalandırılır.

Rusiya

Moskvada ciddi səbəb olmadan yaşlarından asılı olmayaraq bütün vətəndaşlara evi tərk etmək yasaqdır. Karantin rejiminin ilk pozulması halı üçün 500 rubl cərimə nəzərdə tutulub. Rusiyanın bəzi bölgələrində fövqəladə hal elan olunarsa, karantin rejiminin pozulmasına görə cərimənin məbləği fiziki şəxslər üçün 40 min rubladək, vəzifəli şəsxslər üçün 150 min rubladək, hüquqi şəxslər üçünsə 500 min rubladək arta bilər.

Təkrar pozuntuya görə 1 milyon rubladək cərimə və ya 90 sutkayadək həbs istisna deyil.

Sinqapur

Sinqapurda karantin rejiminin tələblərini pozan şəxsi 10 min Sinqapur dollarınadək (təqribən 7 min ABŞ dolları) cərimə və ya 6 aylıq həbs gözləyir. İş yerində sosial izolyasiya tədbiri qismində 1 metrlik məsafə saxlamayanlar da eyni cəzaya tuş gələ bilərlər.

Hindistan

Bu ölkədə çox ciddi səbəb olmadan küçəyə çıxan istənilən şəxs "Təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması haqqında" qanunun tələblərinə uuyğun cəzalandırılır. Karantin rejimini pozanı 60 min rupi (təxminən 800 dollar) cərimə, təkrar pozuntuya yol verəni isə 2 ilədək həbs gözləyir. Əksər hallarda polis belə şəxsləri dəyənəklə döyür.

Hindistanda sosial izolyasiyada olmalı adamların hamısının sol əlinə yuyulmayan boya ilə xüsusi işarə vurulur.

Özbəkistan

Özbəkistanda karantin rejimini pozanı 1115000 som, yəni təqribən 117 dollar məbləğində cərimə gözləyir. Müvafiq icazə alandan sonra küçəyə çıxan şəxs mütləq şəkildə başqa adamdan minimum 2 metr aralıda olmalıdır.

Qırğızıstan

Qırğızıstanda karantin rejimini pozan şəxsi 300 min som (təqribən 4 min dollar) məbləğində cərimə, təkrar pozuntuya yol verəni isə 2,5 ildən 5 ilədək həbs gözləyir.

Qazaxıstan

Qazaxıstanda karantin rejimini ilk dəfə pozanı 12805 tenqe (34 dollar) məbləğində cərimə, təkrar pozuntuya yol verənləri isə 600 saatadək ictimai işlər və ya 2 ilədək həbs gözləyir.