Şəbəkə mikrobu bu məxluq nə dediyinin fərqindədir?


Siyasət 10 Apr 2020 11:35:55 132 0

Şəbəkə mikrobu bu məxluq nə dediyinin fərqindədir?

Azərbaycan hakimiyyəti Mingəçevir su-elektrik stansiyasını partlatmaq, su bəndini dağıtmaq və 12 rayonu su altında qoymaq istəyir. Buna hazırlıq gedir. Eyni zamanda, Azərbaycan hakimiyyəti ölkədəki koronavirus pandemiyası ilə bağlı situasiyada Bakıya yardım etmək istəyən Türkiyə və İsrailin müraciətlərini qulaqardına vurub.

Bu sözləri YouTube-da "İnqilab TV" adlı kanalda hər gün saatlarla danışan Qalib Məmmədov deyib.

Qalib Məmmədov Avropa ölkələrinə sığınan və orada sığınacaq, arzuların çinləşməsinin pik həddi qismində vətəndaşlıq almağa çalışan, bunun üçün ən iyrənc işlərə qol qoyan "bloqer" tipologiyasına aid məxluqdur.

Yaradanın xəlq etdiyi bu adam nə zamansa uşaq və gənc olub, Azərbaycanda yaşayıb, hər halda homo sapiens sayıla bilər.

2017-ci ildə Azərbaycandan qaçan və burada maliyyə fırıldaqlarına, saxtakarlığa görə məhkəmə qarşısında durmalı olan Qalib Məmmədov illərdir ki, YouTube-dakı kanalları vasitəsilə iaşə və söyüş müxalifətinin tipik nümayəndələrindən biri idi.

Ən əxlaqsız ifadələr, ən murdar kəlmələr, mənəviyyatsızlıq və əxlaqsızlığın ən alt təbəqələrinə güzar edən Q.Məmmədovun son çıxışlarından biri isə imbesilliyin nümunəsi olub.

"Qarabağlılar, 95 faizi namusunu, qeyrətini, ana-bacısını unudan adamlarsız", - deyən Q. Məmmədov əvvəlcə qarabağlı vətəndaşlarımızı itlə müqayisə edib, sonra isə onları ən aşağılıq ifadələrlə təhqir edib.

Daha sonra o, "Bakılılar", "Naxçıvanlılar"a müraciət edib, onları da təhqir edib. O, qarabağlıları, bakılıları, naxçıvanlıları aşağılayıb, bütün əxlaq və mənəviyyat tabularını aşıb.

Söyüşlər, təhqirlər, çirkin və murdar ifadələrin nə sayı vardı, nə hesabı.

Qalib Məmmədov deyir: "Azərpbaycanda yarım milyon xərçəng, yarım milyon hepatit xəstəsi var, yarım milyon da ölüm ayağındadır. Koronavirusdan isə ölkədə ən azı 3 milyon insan öləcək. Bu, hakimiyyətin planıdır. Xalqı qəsdən qırırlar. Baxarsınız, dünyada ən ağır vəziyyət Azərbaycanda olacaq".

Sonda isə "Harda ölmüsünüz ə, ölün acından oğ...lar!" söyləyən Q.Məmmədov "Azərbaycanda bütün qadınları və qızları polis zorlayır" deyib, axırda da idiotizmin "qara rekordu"nu vurub: "Namus ailədən çox torpaqdan gəlir. Azərbaycan torpağı adamları namussuzlaşdırır".

Bu ifadələrin səsləndiyi videokadrlar sosial şəbəkələrdə yayılıb. Təbii ki, sadəcə, qarabağlılar, bakılılar, naxçıvanlılar hiddətlənməyib - on minlərlə insanın əsəbləri tarıma çəkilib. Çünki Qalib Məmmədov bütün Azərbaycanı, ölkəni, vətəndaşları, hamımızı aşağılayıb.

Q.Məmmədov cavab reaksiyasını görən kimi geri çəkilib, "müstəqil bloqer"lər və "mühacirətdəki demokrat səs"lərin istisnasız olaraq, hamısının sevimli davranış modelini sərgiləyib.

O, çıxışının montaj olunduğunu, belə sözləri demədiyini, kimsəni təhqir etmədiyini (!) vurğulayıb və baş verənlərdə DTX-dan tutmuş, az qala NASA və Vatikanadək hər kəsi suçlamağa başlayıb.

Artıq iki gündür ki, Q.Məmmədov tələsik müraciətlər edir, kamera qarşısından çəkilmir, özünə bəraət qazanmağa çalışır, qarabağlıları, bakılıları, naxçıvanlıları "çox sevdiyini, "Azərbaycan üçün canını qurban verdiyini", mühacirətdə isə çox ağır maddi durumda yaşadığını vurğulayır.

Əslində, təəccüblü heç nə yoxdur və yaşananlar "müstəqil bloqer"lərin, sosial şəbəkələrdə və YouTube-da Azərbaycanla bağlı hədyanlar, absurdlar və yalanlar yayanların adi fəaliyyət mexanikasıdır.

Fransa prezidenti Emmanuel Makron bu tipli fərdləri, yəni merkantil fərdi maraqlarına və ya xidmət etdiyi təşkilatlarla şəxslərin göstərişləri ilə əmrlərə qulluq edərək mənsub olduğu xalqı aşağılayan, dövlətini (mühacirət etsə belə) hədəfə alan kəsləri "şəbəkə mikrobları" adlandırır.

"Məxluq" ifadəsi də presedent sayılacaq iqtibasdır, Britaniyanın baş naziri Boris Consona məxsusdur.

"Britaniyanı tərk edərək haradasa məskunlaşan, orada kimlərəsə və haralarasa qulluq edib əmrləri yerinə yetirən, ölkəmizi və xalqımızı təhqir edənlər təkamül prosesinin yan keçdikləri məxluqlardır. Onlar çox zavallı məxluqlardır", - B.Conson Saffolkdakı çıxışında demişdi.

Fəqət, xaricdəki "müstəqil bloqer"lər arasında Qalib Məmmədov absurd, marazm və qeyri-adekvatlıq baxımından çox fərqlənir.

Mingəçevir SES-in bəndinin "partladılması"ndan tutmuş, "Ermənilər Gəncəyə yeraltı tunel çəkirlər, Gəncəni alacaqlar" təki paranoidal şizofreniya "məhsul"unu dəfələrlə səsləndirən bu şəxs eyni zamanda, AXCP sədri Əli Kərimli və "Milli Şura"nın sədri Cəmil Həsənlinin "fanatı" olduğunu, onları aşağı və yuxarı ətrafları ilə dəstəklədiyini də usanmadan vurğulayır.

Q.Məmmədovun qeyri-adekvatlığının, sürəkli söyüş söyüb təhqirləri sıralamasının çox adi, trivial səbəbi var: o, yaşadığı ölkənin miqrasiya və hüquq-mühafizə orqanlarına özünü "Azərbaycana qayıdarsa, dərhal həbs olunacaq adam",  çıxışlarına görə "sürəkli təhdid olunan və hədələnən adam" kimi tanıtmağa çalışır.

Tanıtma mənəvi məsələlərlə və ya siyasi fəaliyyətlə yox, sığınacaq, müavinət, pul almaq istəyi ilə bağlıdır.

Hər "buraxılış"nda Əli Kərimlinin şəninə mədhiyyələr söyləyən Q.Məmmədov "lider"lərini, deyəsən, dəqiq tapıb.

Yenə də təəccüblü heç nə yox.

Görünən təpəyə nə bələdçi ki...

Elçin Alıoğlu Son.az