Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub


Digərləri 10 Apr 2020 11:07:00 109 0

Ötən il Azərbaycanın turizm sektoruna 59,3 milyon manat investisiya qoyulub

2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 59,3 milyon manat investisiya qoyulub. Ölkə üzrə əsas kapitala yönəldilən ümumi vəsaitin 0,3%-i bu sahənin payına düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında Milli Məclis qarşısında hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, bu sahədə investisiya qoyuluşu bütövlükdə daxili mənbələr hesabına formalaşıb. 2015-2018-ci illər ərzində turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əsas kapitala ümumilikdə 914,7 milyon manat investisiya yatırılıb. Qoyulan investisiyanın 65,8%-i və ya 602,2 mln. manatı yerləşdirmə obyektlərində xidmətlərin göstərilməsi, 34,2%-i və ya 312,5 milyon manatı isə ictimai iaşə xidmətlərinin göstərilməsi sahələrinə yönəldilib.

Turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılan əlavə dəyərin həcmində davamlı artım müşahidə olunub və bu göstərici 2019-cu ildə 6,4% təşkil edib.

Artımın səviyyəsi 2016-cı ildə 2,1%, 2017-ci ildə 6,9% və 2018-ci ildə isə 7,6% olub.

2019-cu ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində əlavə dəyər istehsalı 1976,7 milyon manat (və ya 1163 milyon ABŞ dolları) təşkil edib. Turizm sektorunun bir hissəsi olan bu sahənin iqtisadiyyatda xüsusi çəkisi 2,4% təşkil edib.