Almaniyada işləyən azərbaycanlı radioloq: “Bir neçə dəfə koronavirus diaqnozu qoymuşam” MÜSAHİBƏ


Digərləri 09 Apr 2020 18:21:00 123 0

Almaniyada işləyən azərbaycanlı radioloq: “Bir neçə dəfə koronavirus diaqnozu qoymuşam”  MÜSAHİBƏ

Almaniya COVID-19-a yoluxma halına görə dünyada dördüncü yeri tutur. Bu günə qədər ölkədə 113 296 təsdiq edilmiş koronavirus halı qeydə alınıb.

Bununla belə, ölüm səviyyəsi yoluxma halı çox olan digər ölkələrə nisbətən daha aşağıdır - bir milyon nəfərə 28 ölüm. İtaliyada - hər bir milyon nəfərə 292, İspaniyada - 316, ABŞ-da - 45 yoluxma halı düşür. 

Almaniyada ciddi, lakin bir çox qonşu ölkələrdən daha yumşaq karantin tədbirləri tətbiq olunub.

Son.az xəbər verir ki, Almaniyada vəziyyətin nisbətən nəzarət altında saxlanılması və ümumilikdə, ölkədəki vəziyyət barədə Media.Az Berlində yaşayan həmyerlimiz, həkim-radioloq Şahnaz Hüseynova ilə söhbət edib.

- Almaniyanın səhiyyə sistemində nə vaxtdan çalışırsınız?

- Almaniyaya yeddi il əvvəl, Azərbaycan Tibb Universitetində təhsilimi başa vurduqdan dərhal sonra gəldim. Bundan xeyli əvvəl alman dilini öyrənməyə başladım və IFMSA (The International Federation of Medical Students' Associations) proqramı ilə Vyanada yay təcrübəsi üçün təqaüd qazandım. IFMSA mənə bir çox istedadlı insanlarla görüşməyə, lazımi məlumatları və dəstəyi almağıma kömək etdi. Avstriya paytaxtında təcrübə qazanmaqla yanaşı, Almaniyada bir neçə görüşdən keçdim və ilk müqaviləmi bağladım. Hazırda Berlində həkim-radioloq kimi işləyirəm.

Uyğunlaşma təbii ki, vaxt aldı. Bir neçə dəfə ayrı-ayrı yerlərdə yaşadım, amma nəticədə, Berlinə köçdüm. Burada qalmağımın bir çox səbəbi var, amma ən əsası tibbin və ümumiyyətlə, səhiyyə sisteminin yüksək səviyyəsidir. Həmçinin, Avropada hərəkət azadlığı da məni cəlb etdi, həqiqətən, səyahət etməyi xoşlayıram.

- Almaniya pandemiya ilə necə mübarizə aparır?

- Mövcud vəziyyətə görə sərhədlər bağlıdır, bu, avropalılar üçün çox qeyri-adi vəziyyətdir. Almaniya vaxtında reaksiya verdi və virusun yayılma sürətinə təsir göstərə biləcəyi bir mərhələdə karantin rejimi tətbiq etdi. Almaniyada virusa yoluxanların sayının çox olmasına baxmayaraq, burada ölüm aşağı səviyyədədir. Bu, karantin rejiminin həkimlərə kifayət qədər tibbi xidmət göstərməyə imkan verdiyini göstərir. İnsanların əksəriyyəti rejimin tələblərinə, sosial məsafə və gigiyena qaydalarına əməl edir. Bu, çox sevindiricidir və almanların necə intizamlı olduqlarını bir daha nümayiş etdirir.

- Vəziyyət şəxsən sizə necə təsir etdi?

- Həkimlərin yükü artdı. Radioloq olaraq qeyd edə bilərəm ki, sətəlcəmi aşkar etmək üçün ağciyərlərin kompüter tomoqrafiyası kimi tədqiqatların sayı günbəgün artır. Laborator müayinələrin məhdud sayına görə, həkimlər viruslu pnevmoniyanı aşkar etmək üçün tez-tez kompüter tomoqrafiyasından istifadə edirlər. Ultra-low-dose CT əməliyyatı üzrə icra etdiyimiz protokolları uyğunlaşdırdıq. Burada rentgen şüalanmasının dozası standart protokolda olduğu qədər yüksək deyil.

- Heç koronavirus infeksiyası diaqnozu qoymusunuz?