Koronavirus dünyanı və bizi dəyişəcək.


Digərləri 09 Apr 2020 14:17:00 134 0

Koronavirus dünyanı və bizi dəyişəcək.

1346-cı ildə Orda xanı Canıbəyin qoşunları genuyalıların Krımdakı şəhəri olan Kafanı mühasirəyə almışdılar. Şəhərdə qəflətən epidemiya başladı. Xan qoşunlarına geri çəkilmə əmri verdi, amma gedərkən mancanaqlarla şəhərin qala divarlarının içinə kəsik əsgər başlarının atılmasını əmr etdi.

Həmin əsgərlər epidemiyadan ölmüşdülər.

Mühasirə bitəndən və ordalılar gedəndən sonra genuyalılar dəniz ticarətini bərpa etdilər və sonradan bəşər tarixinə "Qara ölüm" kimi düşəcək bəlanı Aralıq dənizi sahillərindəki ölkələrə daşıdılar. Həmin bubon taunundan Avropa ölklərində on milyonlarla insan öldü. Daha dəqiq olsaq, böyük şəhərlərdə hər 4 nəfərdən üçü, ölkələrdə isə hər 3 nəfərdən biri taunun qurbanı olaraq keçindi.

COVİD-19 koronavirusu barədə müfəssəl, geniş yazmaq niyyətim yoxdur.

Orta əsrlərdə Avropanı ölüm və məhv astanasına aparmış bubon taunu barədə geniş bəhs etməyəcəyəm.

Həmin taunun və sonradan təkrarlanan epidemiyaların Avropanı birdəfəlik necə dəyişdiyindən yazmaq istərdim.

İqtisadi sonuclar ən üzdə olanlardır. Orta əsrlərdə Avropada ən böyük varidat torpaqdı. Həmişə çatışmırdı, feodallar torpaqdan yemlənirdilər. Torpaq əvvəlki qədərdi - amma işçi qüvə çatışmırdı. Bəzi məkanlarda kəndlilərin sayı yetərincə olsa da, şəhərlər boşalmışdılar. Nə məhsulu satmaq üçün bazarlar vardı, nə kəndlilər üçün əkin-biçin alətləri, nə də feodal üçün zinət əşyaları.

Bu səbəbdən ilk dəyişilik ödənişlərin və maaşların artımı oldu. Mahiyyət etibarilə Avropada natural təsərrüfatdan əsl bazar təsərrüfatına keçid məhz taunun nəticələrindən biri idi.

Şəhər sakini daha çox qazanmağa başladısa, deməli, daha çox xərcləmək imkanı əldə etdi. Beləcə, şəhərlərdə yeni, burjua mədəniyyəti formalaşmağa başladı. Burjualar baronlardan və prelatlardan asılılıqdan qurtulmağa, siyasi hüquqlar və haqlar uğrunda mübarizəyə qədəm qoydular. Onlar mövcud adətləri, qaydaları və qanunları, əsası isə həyat tərzini şübhə altına aldılar.

Və onda avropalılar anladılar ki, insanların dua edənlərə (din xadimləri), savaşanlara (zadəganlar) və çalışanlara (yerdə qalan hər kəs) bölünməsi prinsipi düz deyil. Sən demə, bütün insanlar eyni dərəcədə ödümcüldür və qəflətən ölürlər. Belədirsə, hüquqlarla məsuliyyəti yenidən paylaşmaq nədən olmasın?!

Elm inkişaf etməyə başladı - xüsusilə də təbabət. O dönəmlərədək həkimlər əmindilər ki, qədim yunan və Roma modellərinə görə, insanda xəstəlik ilk əvvəl 4 həyati önəmli yaşam şirələrinin (qan, limfalar, sarı və qara (olmayan) öd) pozulmasından yaranır. Bunlar daxili səbəblər sayılırdı. Xarici səbəblər isə cadugərlik, torpaqdan qalxan zəhərli buxarlar və havadakı təhlükəli miazmlar bilinirdi.

Amma taun yayılandan və insanları oraq kimi biçəndən sonra həkimlərlə dərman satanlar çox dəyərli müşahidələr əldə etdilər, düşünməyə və təhlillərə başladılar. Məsələn, məlum oldu ki, qəbirqazanlar tauna daha az yoluxur. Beləcə, insan orqanizmində immunitetin necə olmasının anlayışına doğru ilk addım atıldı.

Gigiyena qaydalanının tətbiqi ilə bağlı ilk cəhdlər də elə onda oldu.

Anlaşıldı ki, kilsədəki ayinlər, dualar və ibadətlər xəstəliyin yayılmasının qarşısını almır?

Avropalılar düşünməyə başladılar: bəlkə iş ibadətdə yetərincə inanclı olmamaqdadır? Bəlkə keşişlərin özləri günah işləmiş insanlardır? Bəlkə kilsə günahlarda, tamahkarlıqda və dünya malına aşiqlikdə itib-bataraq Tanrının buyruqlarını unudub?

Reformasiyaya hələ əsr yarım vardı və dəyişikliklər üçün ilk əvvəl kitab çapı gərəkdi. Amma Avropanın müxtəlif yerlərində Bibliyanın fərdi anlamına və təhlilinə əsaslanan "alternativ xristianlıq" versiyaları formalaşmağa başladı.

Kilsə və dünyəvi hakimiyyət bütün bunlara qaydaların sərtləşdirilməsi, vergilərin artırılması və karantin tətbiqi ilə cavab verdi.

Yeri gəlmişkən, karantin italyan dilində "quarantena", yəni "qırxgünlük" sözündən yaranaraq "Böyük Pəhriz orucu" mənasını verirdi. Fəqət, onlar sadə insanların həyatlarına artıq əvvəlki təki nəzarət edə bilmirdilər.

Axı əvvəllər hər şey sadə idi: dəmirçi ailəsində doğulan oğulsansa, elə həmin dəmirçixanada dəmirçi kimi öləcəksən. Həyatın atanın, babanın və ulu babanın yaşamının təkrarı olacaq. Çox günah işləməsən, həyatın nisbətən uzun, tox və bəxtəvər təsir bağışlayacaq.

Taundan sonra hər şey dəyişdi. Kimi taundan qaçaraq evinin qapılarını bağlayır, kimi yeni işə başlayır, kimi də əvvəlki işə görə daha çox pul tələb edirdi.

Nədir bu? İnsan taleyini özü müəyyənləşdirir?! Yəni belə ola bilər ki?!

O dönəmlərin kilsə rəngkarlığında sevimli, populyar süjet belə idi: "Ölüm rəqsi", bütün tabanlardan olan insanların skeletləri yallı gedirlər.