"Ermənistanın TəlƏvivdə səfirlik açması regionun təhlükəsizliyinə mənfi təsir göstərəcək"


Siyasət 09 Apr 2020 14:00:00 153 0

"Ermənistanın TəlƏvivdə səfirlik açması regionun təhlükəsizliyinə mənfi təsir göstərəcək"

Son illərdə Ermənistanın İsrail ilə münasibətlərini gücləndirmək məqsədilə atdığı addımlar nəzərə çarpacaq dərəcədə artıb. Ermənistan hökumətinin keçənilki qərarına əsasən, 2020-ci ilin birinci yarısında Ermənistan Respublikasının Təl-Əviv şəhərində diplomatik korpusunun açılması da planlaşdırılır. Ermənistanın İsrail ilə yaxınlaşma siyasətinin İran İslam Respublikası tərəfindən xoş qarşılanmayacağı şübhə doğurmur.

Son.az xəbər verir ki, İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin Trend-ə açıqlamasında bildirib ki, Ermənistanın Təl-Əvivdə səfirlik açması regionun gələcəyinin təhlükəsizliyi üçün faydalı deyil:

"Bu baxımdan İran İslam Respublikası Ermənistanın Təl-Əvivdə səfirliyinin açılmasına həssas münasibətini ifadə etməli və bunun regiona mənfi nəticələrini dəqiq şəkildə dəyərləndirməlidir".

Qeyd edək ki, İran Ermənistanla böyük ticarət və iqtisadi əlaqələrə sahibdir. Təkcə onu demək kifayətdir ki, Təbriz-Muğri kəməri vasitəsi ilə ildə 2,5 milyard kubmetr qaz ixrac olunur.

İranlı politoloq Təvəkkül Lütfi Trend-ə bildirib ki, Ermənistanın Təl-Əvivdə səfirlik açması həm İranla, həm də ərəb ölkələri ilə əlaqələrinə problem yarada bilər:

"Ermənistanın qərbyönlü siyasətini Rusiyanı da narahat edən amil kimi qiymətləndirmək olar. Yerevan ABŞ və İsraillə münasibətlərini davam etdirərsə, Ermənistan-Rusiya münasibətlərində bir sıra problemlər yaranacaq".

Ermənistanın siyasi və iqtisadi durumu elə bir formadadır ki, indiyədək İranla münasibətlərdən maksimum şəkildə faydalanıb. Bəzi ekspertlərin fikrincə, İranın Ermənistana dəstəyi və dünya ermənilərinin İran vasitəsi ilə bu ölkəyə göndərilən yardımları dayanarsa, Yerevan böyük iqtisadi və sosial problemlərlə üzləşə bilər. İran İslam Respublikası Ermənistanla münasibətlərində dəyişiklik edərsə, Ermənistan ağır böhranla qarşılaşacaq.

İranlı ekspert İlyas Vahidi Trend-ə deyib ki, Nikol Paşinyan Təl-Əvivdə səfirliyin açılması ilə Ermənistanı və ölkənin xarici münasibətlərini idarə etməkdə özünü sübut etmək üçün çalışır:

"Ölkəni idarə etməkdə heç bir təcrübəsi olmayan, populist bəyanatlarla iqtidara gələn Paşinyan indiyədək çoxlu problemlərlə üzləşən Ermənistanı idarə etməyə layiq olduğunu göstərə bilməyib. Bu da onun legitimliyinə kölgə salıb. Görünür, o bu qənaətdədir ki, İsraillə münasibətləri gücləndirərsə, ən azından diplomatiya sahəsində uğurlu olduğunu göstərə biləcək. Bu isə təbii ki, İran İslam Respublikası ilə əlaqələrinə zərbə vuracaq".

Qeyd edək ki, mart ayının 15-də İran İslam Respublikası Parlamentinin rəhbərinin Beynəlxalq Məsələlər üzrə xüsusi köməkçisi olan Hüseyn Əmirabdullahian da Ermənistanı sərt tənqid edib. Onun sözlərinə görə, Ermənistanın Təl-Əvivdə diplomatik nümayəndəlik açması təəccüb doğurur və bu addım regionun təhlükəsizliyinə mənfi təsir edəcək. Çıxışının sonunda isə, iranlı rəsmi Ermənistan dövlətinin verdiyi qərara yenidən baxacağına ümid etdiyini bildirib.

Deməli, İran İslam Respublikası ənənəvi olaraq strateji münasibətlərdə olduğu Ermənistan dövlətinin ikiüzlü və riyakar siyasətinin fərqindədir.

Geosiyasi reallıq və siyasi tarix Ermənistan-İran münasibətlərinin hər zaman rəsmi Yerevan üçün strateji əhəmiyyət daşıdığını göstərir. Çünki Ermənistanın regional yerləşməsi və işğalçı siyasəti təcridlə nəticələnib ki, nəticədə İran İslam Respublikasının etdiyi yardımlar Ermənistan dövlətinin varlığının davam etməsində mühüm rol oynayıb. Müstəqillik illərindən bugünədək yüksələn xətt üzrə inkişaf edən münasibətlər məhz, İran İslam Respublikasının yürütdüyü mehriban qonşuluq siyasəti nəticəsində reallaşıb. Ermənistanın İran İslam Respublikası ilə müxtəlif sahələri (ticarət, enerji və s.) əhatə edən geniş əməkdaşlıqdan böyük qazanclar əldə edib və bu proses davam etməkdədir.

İranla qonşuluq Ermənistan üçün xəritədə ən böyük imkan sayılır. Çünki Ermənistanın ən böyük hamisi Rusiyanın bu ölkə ilə birbaşa sərhədi yoxdur. Ermənistanın Türkiyə və Azərbaycanla da əlaqələri Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalı səbəbindən pozulub. Gürcüstanın da Ermənistanla zəif münasibətləri var. Bu baxımdan Ermənistan İranı özündən uzaqlaşdırmaqla regionda daha da çətin vəziyyətə düşəcək.

Rusiyanın isə burada mövqeyini hələlik söyləmək çətindir. Şübhəsiz ki, Moskva Ermənistanın onun nəzarətindən çıxaraq ABŞ və İsrailə yaxınlaşmasını istəməz.

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan səfirliyin açılmasının ikitərəfli əlaqələrin genişləndirilməsində və regionda Ermənistanın maraqların qorunmasına töhfə verəcəyini bildirib. Z.Mnatsakanyanın sözlərinə görə, səfirliyin açılması ikitərəfli əlaqələrin genişləndirilməsinə və regionda Ermənistanın maraqlarının qorunmasına töhfə verəcək.

Göründüyü kimi, Azərbaycanın 20 faiz ərazisini işğal edən və burada etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan İsraildə öz səfirliyini açmaqla bu dövlətlə münasibətlərini inkişaf etdirmək, Cənubi Qafqaz regionunda Azərbaycanın siyasi və iqtisadi üstünlüyünü balanslaşdırmağı hədəfləyir.

Bir sözlə, Paşinyanın bu hərəkəti qısa müddətdə Ermənistanın siyasi elitasını qısa müddətdə razı salsa da, uzun müddətdə Yerevanın strateji təcridi ilə nəticələnəcək.

Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov isə hesab edir ki, işğalçı Ermənistanın xarici siyasətində qeyri-müəyyənlik hökm sürür. O bildirib ki, beynəlxalq siyasətdə qeyri-müəyyənlik sindromunun daşıyıcısı olan dövlətin gec-tez dalana dirənəcəyi sırf zaman məsələsidir:

"Ermənistada bu vəziyyətin bütün simptomları qabarıq şəkildə özünü göstərməkdədir. Elə bu səbəbdən də Paşinyan hökuməti vurnuxur, manevrlər edir, köhnə "dostlar"a üz çevirərək yeni "himayədar"lar axtarışına çıxır. Məsələyə bu xüsusda yanaşdıqda Ermənistanın İsrail dövlətinə münasibətdə son "sevgiylə dolu baxışları" diqqətdən yayınmır. Ermənistan rəhbərliyi ciddi-cəhlə çalışır ki, İsrail dövləti ilə ənənəvi soyuq münasibətlərinə istilik elementləri əlavə etsin".

Siyasi ekspert Bəhruz Quliyev isə deyir ki, İran tərəfi Ermənistanın xəyanətini bağışlamaq niyyətində deyil və olmayacaq:

"Ermənistan Təl-Əvivdə səfirlik açmaq niyyətlərini davam etdirərlərsə, bu zaman çox ağır siyasi-iqtisadi zərbə altında qalmalı olacaq. Hələ ki Ermənistana xəbərdarlıq edilib. Əks halda İran Ermənistanı çox sərt şəkildə cəzalandıra bilər".

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyir ki, İranın Ermənistana yardımları, iki ölkə arasında regional layihələri (iqtisadi, siyasi) nəzərə alaraq, Ermənistanın İsrail ilə münasibətləri yaxınlaşdırmaq istəyi hər zaman dostlarını öz maraqlarına qurban verməsinin əyani göstəricisidir.

Beləliklə, Ermənistan dövlətinin həyati müttəfiq hesab etdiyi qonşusunun siyasi problemlər yaşadığı bir ölkə olan İsrail dövləti ilə münasibətləri genişləndirmək istəyi, siyasi ikiüzlülük və riyakarlıqdır. Bir sözlə, həm İran İslam Respublikası ilə mövcud strateji tərəfdaşlığı qorumaq, həm də İsrail ilə geniş çərçivədə müstəqil oyunçu olaraq münasibətləri inkişaf etdirmək mümkün deyil.