"Azərbaycanın işğal edilmiş ərazilərində "seçki" keçirmək cəhdləri bir daha siyasi fiaskoya uğradı"


Digərləri 09 Apr 2020 13:10:00 94 0

"Azərbaycanın işğal edilmiş ərazilərində "seçki" keçirmək cəhdləri bir daha siyasi fiaskoya uğradı"

Azərbaycanın işğal edilmiş ərazilərində "seçki" keçirmək cəhdləri bir daha siyasi fiaskoya uğradı və işğalçı rejimin özünüifşasına səbəb oldu.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquq normalarına zidd olan belə bir addımın atılmasının səbəbi işğalçı Ermənistanın və qondarma rejimin işğalı legitimləşdirmək cəhdləri idi, ancaq bu, baş tutmadı:

"Mart ayının 31-də işğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou mötəbər beynəlxalq və regional təşkilatlar tərəfindən qınandı və pisləndi. Bu, bir daha Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi və işğalçılıq siyasətinin qəbul edilməməsi kimi qiymətləndirilməlidir. Türk Şurası, Qoşulmama Hərəkatı, Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı - GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, NATO kimi təşkilatların qəti mövqeyi Ermənistanın işğalçılıq siyasətinin və status-kvonu legitimləşdirmə cəhdlərinin baş tutmayacağını bir daha göstərmiş oldu".

Deputat qeyd edib ki, bu sırada regionun və dünyanın aparıcı milli dövlətlərinin nümayiş etdirdikləri mövqe də olduqca əhəmiyyətlidir və xüsusi qeyd olunmalıdır:

"Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən qondarma "seçki"nin və onun nəticələrinin tanınmaması Ermənistanın işğalçılıq siyasətinin əsla qəbul edilməyəcəyi anlamını ifadə edir. Şübhəsiz ki, sözügedən beynəlxalq və regional təşkilatların, o cümlədən müstəqil dövlətlərin mövqeyi, həm də onların beynəlxalq hüquqa və Azərbaycana olan münasibəti kimi qiymətləndirilə bilər.

Deputat vurğulayıb ki, bu, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan, dövlətlərarası münasibətlərdə qarşılıqlı maraqlara söykənən diplomatik strateji əlaqələr qurma bacarığından xəbər verir:

"Ona görə də işğalçı Ermənistan və qondarma rejim "seçki" şousu yaratmaqdansa, işğal olunmuş ərazilərimizdən çıxmaq barədə düşünsələr daha yaxşı olar. Onsuz da Azərbaycan öz hərbi-siyasi gücüylə Ermənistanı buna mütləq məcbur edəcək".