Ölüm faktları şişirdilir, yoxsa...


Dünya 09 Apr 2020 10:58:00 109 0

Ölüm faktları şişirdilir, yoxsa...

Dünya koronavirus pandemiyası ilə müharibə vəziyyətindədir və itkilər sözün gerçək mənasında cəbhədə gedən döyüşləri xatırladır. Lakin müəyyən məqamlar şübhələnmək üçün kifayət qədər yetərlidir, xüsusilə bir gün ərzində yoluxma və ölüm hallarının iki və üç rəqəmli formada artması. Yoluxma və ölüm faktlarının sürətlə artmasına görə ABŞ ilk pilləyə yüksəlib, hərçənd, Avropa ölkələri virusla döyüşərkən, okeanın o tayında sabitlik hökm sürürdü, sonradan Birləşmiş Ştatlar bütün ölkələri geridə qoydu. Nə baş verdi, necə oldu ki, ilk ölüm faktının açıqlandığı gündən bir gün sonra ABŞ yüzlərlə ölüm faktı ilə qarşılaşdı, rəqəmlər həqiqəti nə dərəcədə əks etdirir? Son.az xəbər verir ki, "Nyu-York Tayms" nəşrində dərc olunan məqalədəki faktlar və rəylər burada iki zidd versiyanı irəli sürməyə imkan verir. 1. ABŞ hökuməti koronavirusdan ölənlərin sayını gizlədir; 2. Yoluxma və ölüm faktları şişirdilir; Bu versiyalar bir-birinin əksi olsa da, məqaləni oxuduqca hər ikisinin gerçək olması ehtimalı böyükdür. Birinci versiya: Nəşrə danışan İrland əsilli bir həkim ölən xəstəsinin ölümündən öncə koronavirus testindən keçmək istədiyini, lakin tələbinin rədd edildiyini deyir. Əslində bu və bunun kimi bir-birinin ziddinə olan faktlar şübhə toxumlarının cücərməsinə səbəb olur.

Nyu-Yorkdakı həkimlər də evlərində ölən çoxsaylı xəstənin koronavirus simptomları şübhəsi olmasına baxmayaraq, testdən keçirilmədiyini deyirlər. Virciniyada isə koronavirusdan ölən üç tibb işçisinin yalnız birinin ölüm sənədində COVİD-19 diaqnozu yazıldığı ortaya çıxıb. Mütəxəssislərə görə, koronavirusdan qaynaqlanan ölüm faktlarının sistemə daxil edilməməsinin səbəbləri arasında şübhəli protokollar və şəhərlərarası məsafənin qərar vermə müddətinə təsiridir. Məqalədə sahil bölgələrindəki həkimlərin əllərində yetərli qədər testin olmadığını bildirirlər. Son iki ayda koronavirusdan ölən bir çox xəstənin ölüm səbəbi kimi qrip, yaxud pnevmaniya göstərilib. Daha bir fakt kimi 19 gün öncə ölən birinin cəsədi üzərində test keçirilən zaman onun koronavirusa yoluxduğunun aşkarlanmasıdır. Nəşr yazır ki, ABŞ rəsmiləri 2021-ci ilə qədər ölüm sayı ilə bağlı rəsmi açıqlama verə bilməcəyək. Bəzi mütəxəssislər real ölüm sayını öyrənməyin ümumiyyətlə mümkün olmayacağını hesab edirlər. Buna nümunə kimi 1976-cı ildə ABŞ-da yayılan donuz qripi göstərilir. Donuz qripi yayılarkən həkimlər bir çox ölümün səbəbi kimi bu xəstəliyi göstərmiş, bir il sonra həqiqətən də donuz qripindən ölənlərin ölüm səbəbi kimi isə pnevmaniya qeyd olunmuşdu.

Cons Hopkins Universitetinin İctimai Sağlamlıq Məktəbinin dosenti Stephan Helleringer bildirir ki, 1918-19-cu illərdə İspaniya qripindən ölənlərin sayı hələ də şübhəlidir: "Bu, pandemiyanın miqyasını təxmin edə bilməməkdən irəli gəlir". Vaşinqton ölüm saylarını gizlədir, "Nyu-York Tayms"ın yazdıqları, irəli sürülən iddialar bu yöndədir. Lakin yoluxma və ölüm saylarının sürətlə artması digər versiyanı önə çəkir. İkinci versiya - faktlar şişirdilirmi?: Yoluxma faktına görə ABŞ liderdir - 425 min (bu rəqəm hər gün daha da artır). 13 minə yaxın ölüm qeydə alınıb. Hərçənd, yoluxma və ölüm faktlarının son bir həftədə bu səviyyəyə yüksəlməsi diqqət çəkir. İlk yoluxma 21 yanvarda, ilk ölüm 1 martda qeydə alındı. İlk şübhə yoluxma ilə ölümün arasında iki aya qədər müddətin olmasıdır. 1 martda ilk ölüm qeydə alınandan bir gün sonra, martın 2-də ölüm sayı 100-ə çatdı. İkinci şübhə iki ay boyunca ölüm qeydə alınmadığı təqdirdə, bir gün də sayın üçrəqəmliyə çatmasıdır.