Türkiyəli professor: Bu gün insanlar arasında “koronavirus qorxusu” sindromu yaşanır


Digərləri 08 Apr 2020 07:00:00 94 0

Türkiyəli professor: Bu gün insanlar arasında “koronavirus qorxusu” sindromu yaşanır

Çində bir heyvan bazarından qaynaqlanan COVID-19 əvvəllər də müxtəlif xəstəliklər və ölümlərə səbəb olan böyük koronavirus ailəsinin bir üzvüdür. Belə ki, bu viruslar ailəsi həm də MERS və SARS kimi ciddi xəstəliklərin meydana çıxmasına da səbəb olub. İlk dəfə 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində baş qaldıran yeni növ koronavirus sürətlə bütün dünyaya yayılıb və 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.

"Bu gün insanlar arasında "korona qorxusu" sindromu yaşanır. Cəmiyyət üçün də ən təhlükəlisi budur. Bu qorxuya qalib gəlmək vacibdir. Heç bir müharibədən qorxu ilə qalib çıxmaq mümkün deyil".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor İlhami Çelik səsləndirib.

İnsanlar üçün indiki vəziyyətdə ən effektiv qorunma üsulunun özünütəcrid olduğunu deyən professor vurğulayıb ki, bu virusun vəba və ya vərəm kimi qəbul olunmaması, insanların bir-birinə şübhə ilə yanaşmaması vacibdir. COVID-19-a yoluxanların 95 faizi müalicə olunur. Digər beş faizi isə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlər təşkil edir. Hazırda dünyada tətbiq olunan özünütəcrid şəraiti də bu beş faizin qorunması istiqamətində atılan addımdır. Lakin buna baxmayaraq, insanlar "yoluxmuş damğası" almaq qorxusu içində yaşayırlar.

Bəzi insanların müayinə olmaqdan, koronavirus testindən keçməkdən çəkindiklərini deyən İ.Çelik bunun səhv yanaşma olduğunu, əsas səbəbin isə məhz "yoluxmuş damğası" almaq qorxusu olduğunu vurğulayıb: "Lakin hər kəs anlamalıdır ki, müayinədən qaçmaq və ya evdə primitiv üsullarla edilən müalicə problemin qarşısını almaq əvəzinə, xəstəliyin daha geniş yayılmasına səbəb olur".

Türkiyənin tanınmış professoru Osman Müftüoğlu bu virusa yoluxan hər kəsin xəstəliyi müxtəlif şəkildə keçirdiyini, bəzi insanlarda isə onun simptomsuz davam etdiyini deyib. Qeyd edib ki, burada ümumi sağlamlıq göstəriciləri əsas rol oynayır. Yoluxmamaq və ya xəstəliyə asan qalib gəlmək baxımından düzgün yuxu, qidalanma, idman və psixoloji sakitlik də çox vacibdir. Burada əsas məsələ şəkərli diabet, ağciyər xəstəlikləri, orqan yetməzliyi kimi xroniki xəstəliyi olanları qorumaqdır. Məhz bu insanlar risk qrupuna aiddirlər. Xəstəliyin yüngül keçməsi və müalicənin asanlaşdırılması baxımından erkən diaqnoz çox vacibdir.

O.Müftüoğlu xəstəliyin sürətlə yayıldığı bu dövrdə qidalanmanın əsas qorunma üsullarından biri olduğunu deyib. Bildirib ki, bunun üçün şəkərli və nişastalı qidalardan mümkün qədər uzaq durmaq, tərkibi antioksidan, polifenol, vitamin, mineral və liflərlə zəngin meyvə və tərəvəzə üstünlük vermək, eləcə də bol su içmək lazımdır. Bu sırada rəngli, xüsusilə qırmızı tonlarda, təzə və kökü olan bitkilər xüsusi yer tutur. Professor əsas qorunma üsullarından birinin də psixoloji sakitlik olduğunu vurğulayıb: "Dünyanı öz təsiri altına alan bu xəstəliyin bir-iki günə keçməyəcəyini hamımız bilirik və buna hazır olmalıyıq. Təşvişə düşmək və başqalarını da öz psixoloji gərginliyinizin altına salmaq yersizdir. Bunun əksinə olaraq, dövlət tərəfindən tətbiq olunan qaydalara riayət etmək və gündəlik həyatınızı özünütəcrid şəraitində saxlayaraq doğmalarınızla səmərəli keçirmək əsasdır. Xəstəliyə qalib gəlmək üçün yalnız bədənimizi deyil, ruhumuzu da bəsləməliyik".