Qəbələyə 15 sm qar yağıb FOTO


Digərləri 07 Apr 2020 22:33:00 147 0

Qəbələyə 15 sm qar yağıb  FOTO

Ötən iki gün ərzində Qəbələ rayonunda havanın temperaturu aşağı düşüb, yağışdan sonra qar yağmağa başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, yağıntı əsasən, Qəbələ şəhərinə, Qəmərvan, Laza, Duruca, Tikanlı və Bum kəndlərində müşahidə olunub.

Kəndlərdə havanın temperaturu əvvəlki günlərlə müqayisədə gündüz saatlarında 8-10 dərəcə aşağı düşüb. Aprel ayında qarın yağması sakinlər üçün də gözlənilməz olub. Yağıntının ən çox düşdüyü ərazi rayonun Qəmərvan, Duruca və Laza kəndləridi. Burada qarın hündürlüyü kəndlərin aşağı ərazilərində 5-7, yuxarı hissələrində isə 10-15 santimetrə çatıb. Sakinlərin sözlərinə görə, onlar neçə illərdir ki, aprel ayında qarın yağmasının şahidi olmurlar.

Kənd sakini Bəxtiyar Əliyarovun sözlərinə görə, apreldə Qəbələnin dağlıq ərazilərinə qarın yağması hələ ki, çiçəkləməyən meyvə ağaclarına və əkin sahələrinə ziyan vurmayıb. Əksinə, qar əkin üçün ziyanverici olan həşəratların məhv olmasına faydalıdır. Kənddə əhaliyə təbii qaz və elektrik enerjisinin verilməsində heç bir problem yoxdur. Kənd əhalisi hər zaman belə hava və iqlim şəraitinə hazırdır. Kənd sakini onu da qeyd edib ki, ağsaqqal kişilərin dediyinə görə, keçmişdə bir dəfə may ayında bu ərazilərə qar yağıb.