Quranda vəhdətə çağırış


Digərləri 07 Apr 2020 20:45:00 110 0

Quranda vəhdətə çağırış

Allah-Təalanın bəşəriyyətə son və ən kamil mesajı olan Qurani-Kərimdə insanlar arasında dostluq və qardaşlıq ideyası həmişə diqqət mərkəzində saxlanılır. Ayələrdə hamının bir ata və anadan, yəni Həzrət Adəm (ə) və Həvvadan yaradıldığı dönə-dönə vurğulanır, bununla da hamının eyni kökə mənsubluğu və hər kəsin o birinə uzaq qohum gözü ilə baxmasının zəruriliyi qabardılır:

"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır" (Hucurat, 13).

Göründüyü kimi, ayədə Allah insanları sülhə və əmin-amanlığa dəvət etməklə, fərqliliklərin kökünü göstərməklə yanaşı, təqvanı vurğulayır və bizi öz məsuliyyətimizi unutmamağa çağırır. Müsəlmanlar fərqliliklərə təfriqə kimi deyil, əksinə, zənginlik kimi baxmağı bacarmalıdırlar.

Son.az islam.az-a istinadən bildirir ki, Qurani-Kərim yalnız müsəlmanları deyil, digər dinlərin ardıcıllarını da, xüsusilə, vahid Yaradanı qəbul edən inanc sahiblərini anlaşmaya və dialoqa səsləyir: "(Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" (Ali-İmran, 64).

Quranda nəinki kitab əhlinə, hətta bütpərəst və müşrik kafirlərə münasibətdə də müəyyən normaları gözləmək müsəlmanlara əmr edilir: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər" (Ənam, 108).

Keçmiş ümmətlərin də tarixində bu kimi misallara rast gəlirik. Allah-Təala Həzrət Musa (ə) və Həzrət Harunu (ə) Fironu hidayət etmək üçün göndərəndə onlara Fironla yumşaq danışmağı buyurmuşdu: "Fironun yanına yollanın. O, həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!" (Taha, 43-44).

İslam Peyğəmbərinin (s) mülayim və mehriban təbliğ üsulu da Allah-Təalanın ona ünvanlanmış bu əmrinə əsaslanırdı: "(Ya Rəsulum!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" (Nəhl, 125).

Əgər Allah-Təala hətta müşriklərə və qeyri-müsəlmanlara qarşı bu qədər tolerantlıq və yumşaqlıq göstərməyimizi tələb edirsə, öz müsəlman qardaşımızla münasibətdə necə mehriban davranmalı olduğumuzu təsəvvür etmək çətin deyil.